"Savadlı cəmiyyət savadlı qadınlardan keçir”
Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində ali məktəblərə daxil olan gənclərlə görüşüb. AYNA xəbər verir ki, millət vəkili görüş zamanı tələbə adını qazanmış gəncləri və onların valideynlərini təbrik edib.
Təhsil sahəsində olan uğurların artmasının önəmindən danışan Q.Paşayeva ali məktəblərə daxil olan şagirdlərin sayının artmasını müsbət hal kimi qiymətləndirib: “Ümumiyyətlə, çox sevindim ki, Qovlar şəhərindən ali məktəblərə daxil olan qızların sayı nəinki oğlanlardan az deyil, əksinə daha çoxdur. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir".
Millət vəkili tələbələrə əslində daha böyük vəzifələrin bundan sonra başladığını deyib: “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var”.
Millət vəkili torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olduğunu xatırladaraq hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli və hazırlıqlı olmasının vacibliyinə diqqət çəkib. Q.Paşayeva gəncləri virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb.
Görüşdə iştirak edən Fitoterapevtlər Cəmiyyətinin sədri Məlahət Qəhrəmanova və ölkəmizdə qonaq olan tanənmış türkiyəli jurnalsit, yazıçı Məryəm Aybikə Sinan da çıxış edərək gəncləri təbrik edib, onları yaxşı oxumağa, öz üzərlərində daha çox çalışmağa çağırıb.
Daha sonra Q.Paşayeva və M.Qəhrəmanova tələbə adını qazanan gənclərə dəyərli hədiyyələr və kitablar bağışlayıblar.
Görüşün sonunda gənclərlə geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.