Duqin: Putin hakimiyyətə gələndə Rusiyanı qlobal təsirdən çıxarmağa başladı”

Dünya

30.04.2024 - 16:01

Amerikalı jurnalist Taker Karlson “Rus dünyası”nın ideoloqundan müsahibə götürüb

“Rusiya Prezidenti Vladimir Putin 2000-ci illərin əvvəllərindən ənənəvi dəyərləri dirçəltdiyindən Qərb ölkələri Rusiyanı əsas düşmən kimi qəbul edirlər”. AYNA xəbər verir ki, bu sözləri rusiyalı filosof, “Rus dünyası”nın ideoloqu Aleksandr Duqin amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib.

“Putin ənənəyə bağlı liderdir. O hakimiyyətə gələndə ölkəmizi qlobal təsirdən çıxarmağa başladı. Putin qlobal mütərəqqi gündəmə qarşı çıxmağa başladı”, - deyə Duqin bildirib.

Onun sözlərinə görə, Qərb “ənənəvi dəyərləri, dövlət suverenliyini, xristianlığı, ənənəvi ailəni dirçəltməyə” çalışan biri ilə üz-üzə olduqlarını “hiss etməyə başladı”.

Bu, Duqinin fikrincə, adi deyil, metafizik bir hadisə hesab etdiyi Putinə qarşı ikrah doğurub. Duqin vurğulayıb ki, bu nifrətin formalaşmasında Rusiyanın ənənəvi dəyərləri müdafiə etməklə yanaşı, nüvə silahına malik olması da rol oynayıb.

“Eyni zamanda, Qərb dövlətləri özləri də yeni liberalizmə keçdilər, nəticədə demokratiya totalitarizmə çevrildi. İndi söhbət fərdi azadlığın qorunmasından yox, şən olmaq, müasir olmaq, mütərəqqi olmaq əmrindən gedir. Mütərəqqi olmaq və ya olmamaq sizin hüququnuz deyil. Sizin vəzifəniz mütərəqqi olmaq, bu proqrama əməl etməkdir”, - Duqin vurğulayıb.

İdeoloq əlavə edib ki, əgər qərbli köhnə liberalizmə üstünlük verdiyini söyləməyə çalışsa, mütərəqqi insanlar onu faşist, ənənəçi və mühafizəkar olmaqda ittiham edəcəklər: “Ya mütərəqqi liberal olun, ya da işiniz bitdi, sizi ləğv edəcəyik. Bu, qərbli yanaşmadır. Bizim gördüyümüz budur”.

Karlson Duqinlə söhbətin nə vaxt baş verdiyini açıqlamayıb. Keçmiş “Fox News” aparıcısı fevralın əvvəlində Moskvaya gəlib və Rusiya Prezidenti Vladimir Putinlə müsahibə edib.

Karlson müsahibədə Duqini "Rusiyanın ən məşhur siyasi filosofu" kimi təqdim edir və bildirir: “Onun ideyaları o qədər təhlükəlidir ki, qızı Daria Duqina Ukrayna hökuməti tərəfindən öldürüldü və Amazon onun kitablarını satmır”.

Xatırladaq ki, Duqin Rusiyanın Qərb dünyasına müxalifliyini nəzərdə tutan ideoloji hərəkata - “Neo-Avrasiyaçılığın” liderlərindən biri kimi tanınır. Onu “Rus dünyasının” ideoloqu da adlandırırlar. Filosof Ukraynadakı müharibəni fəal şəkildə dəstəkləyir və Qərbin sanksiyaları siyahısındadır. Duqinin adı həmçinin Ukraynanın “Sülhməramlı Mərkəzi”nin məlumat bazasına “rus faşisti” kimi daxil edilib.

Duqinin qızı Daria 20 avqust 2022-ci ildə Moskva vilayətində avtomobilin partlaması nəticəsində dünyasını dəyişib. FSB qətlin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini bəyan edib. Ukrayna bunu inkar edir.

Müəllif: Ayna.az