“Dünya da fərqli olacaq, Rusiya da” – STEYNAR GİL

Dünya

11.03.2022 - 10:17

Üç yeni ölkənin böyük Avropa ailəsinə üzvlüyü nələri dəyişəcək?

Avropa İttifaqı (Aİ) Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzv olmaq üçün müraciətlərinə baxmağa hazırlaşır. İttifaqa hazırda rəhbərlik edən Fransadan verilən açıqlamaya görə, bu günlərdə Aİ-yə üzv ölkələrin səfirləri 3 ölkənin müraciətlərinə Avropa Komissiyası səviyyəsində baxılmasının zəruriliyi barədə razılığa gəlib ki, bu da birinci addım olacaq.

Uzun bir prosesin son nöqtəsi ölkələrin Aİ-yə qəbulu ilə bağlı yekun siyasi qərarın qəbulu olacaq ki, bu da bütün iştirakçı ölkələrin təsdiqini tələb edir. Eyni zamanda, son illər Aİ-nin bir sıra ölkələri birliyin genişlənməsini müsbət qarşılamadığını bəyan edib. “Anadolu” xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının üç ölkəyə “alternativ” olaraq “üstünlük verilən tərəfdaşlar” statusunu təklif edə biləcəyi proqnozlaşdırılır.

Aydındır ki, postsovet üçlüyünün Aİ-yə üzvlüklə bağlı müraciətləri bütün ölkələr tərəfindən bəyənilsə, onlar iqtisadiyyat və siyasət baxımından Aİ kriteriyalarına cavab verməli olacaq. Bu, müəyyən vaxt aparacaq. Ancaq gördüyümüz kimi, bu müharibə ilə bağlı Aİ-də məsələyə münasibət indi müsbətə doğru kəskin şəkildə dəyişib.

Üç ölkənin müraciətlərinin bu gün Versal sarayında Aİ ölkələrinin liderləri tərəfindən müzakirə ediləcəyi gözlənilir. Və ümid etmək olar ki, bu görüş Ukrayna, Gürcüstan və Moldova üçün çox müsbət siqnal verəcək.

Yeni şəraitdə ilk ağla gələn odur ki, işğalçı Rusiyanın iştahı fonunda Aİ-yə namizədin gözlənilən statusu bu üç ölkəyə daha çox təhlükəsizlik təminatı verəcəkmi? O, nəyi dəyişəcək? Gələcəkdə Moskvadan konkret təhlükə yaranarsa, Brüssel bu dövlətlərə müstəqilliklərini müdafiə etməyə kömək edəcəkmi?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Təqaüddə olan Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:

“Aİ Gürcüstan, Moldova və Ukraynanın İttifaqa üzvlük üçün müraciətlərinə baxmağa hazırdır. İlkin reaksiyaya görə, Aİ-nin və ayrı-ayrı üzv dövlətlərin hakim qurumları Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizə apardığı bir şəraitdə bu müraciətlərə müsbət münasibət bəsləyir. Bununla belə, giriş prosesinin özü uzun olacaq. Bu ölkələrin Aİ-yə üzv olmasından əvvəl yerinə yetirilməli olan bütöv bir siyasi, hüquqi və iqtisadi tələblər paketi var.

Əmin deyiləm ki, Aİ üzvlüyünə namizəd statusu bu üç ölkəni Rusiyanın mümkün (Ukraynaya münasibətdə yeni) təcavüzündən daha çox müdafiə edəcək. Aİ hərbi ittifaq deyil, NATO deyil və bu günün acı təcrübəsi göstərir ki, Putin öz məqsədlərinə çatmaq üçün qəddar hərbi təcavüzdən çəkinmir. Onu yalnız hərbi güc dayandıra bilər.

Gürcüstan və Ukraynanın (Moldova konstitusiyasına görə neytral ölkədir) NATO-ya üzvlük yolu isə Aİ-yə gedən yoldan daha çətindir. Ancaq Ukraynadakı müharibənin nəticəsindən çox şey asılı olacaq. Avropa fərqli olacaq, dünya fərqli olacaq və ümid edirəm ki, Rusiya da fərqli olacaq. Putin və onun əlaltıları olmadan”.

Gürcüstan Texniki Universitetinin professor, konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru Amiran Xevtsuriani:

“Sirr deyil ki, Ukrayna, Gürcüstan və Moldova uzun müddətdir bu status uğrunda mübarizə aparır. Qərbpərəstlik istəkləri onları digər postsovet ölkələrindən fərqləndirirdi ki, bu da Rusiya tərəfindən onlara qarşı hibrid və birbaşa təcavüzün əsas səbəbi oldu. Təbii ki, Ukrayna hadisələri bu məsələni aktuallaşdırıb və bu ölkələrin böyük Avropa ailəsinin bir hissəsi olmaq üçün real şansları var.

Lakin etiraf etmək lazımdır ki, bu prosesin taleyi daha çox indiki hərbi kampaniyanın nəticəsindən asılıdır: Ukrayna bu müharibədən sağ çıxsa və qalib gəlsə, o zaman bütün bu tarixi prosesin bir növ lokomotivi olacaq. Aİ-yə üzvlük iqtisadi rifahla yanaşı, həm daha böyük təhlükəsizlik, həm də sabitlik deməkdir. Belə olan halda nə Rusiya, nə də başqa dövlət bu ölkələrin suverenliyinə qəsd etməyə cürət edə bilər.

Seçim edildi və sondur. Üstəlik, son hadisələr bizi bir daha əmin etdi ki, aparılan kursun alternativi yoxdur. Ukrayna, Gürcüstan və Moldova Aİ-yə üzv olacaq”.

Ukraynalı politoloq, Şərqi Avropa Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin sədri Anatoli Pinçuk:

“Bu statusun təhlükəsizliyə ciddi təsir göstərməsi ehtimalı azdır, əksinə, iqtisadi qarşılıqlı fəaliyyət üçün yeni imkanlar açacaq. Baxmayaraq ki, mən Aİ yerində olsaydım, özümü yalnız Ukrayna və Moldova ilə məhdudlaşdırardım. Gürcüstanla bağlı qərarımı isə yalnız Aİ-nin bütün anti-Rusiya sanksiyaları paketinə qoşulduqdan sonra verərdim”.

Müəllif: Rauf Orucov