DSX: Ermənistan mətbuatında Azərbaycanın atəşkəsi pozması haqqında məlumatlar həqiqətə uyğun deyil
"2022-ci il 28 may tarixində Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun ağır yaralanması barədə məlumatlar yayılmışdı. Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir". AYNA xəbər verir ki, bu sözlər Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin yaydığı məlumatda əksini tapıb.
Bildirilib ki, Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonunun Razdərə kəndi) dövlət sərhədinin müdafiəsi və mühafizəsini həyata keçirən bölmələrimiz tərəfindən həmin gün ərzində Ermənistan ərazisi istiqamətində ümumiyyətlə atəş açılmayıb: "Eyni zamanda, bölmələrimiz tərəfindən həyata keçirilmiş müşahidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislokasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin eşidilməsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təxliyə edilməsi qeydə alınıb. Həmin vaxt həyata keçirilmiş müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçilərinin öz aralarında baş verdiyini göstərir".
Məlumatda Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən intizamsızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat vermək tövsiyə edilib.