Dövlət qurumlarının “döyüşə” hazırıq bəyanı - Yenə vəd, yenə inamsızlıq

Cəmiyyət

24.12.2021 - 15:15

Deputat: “Düşünürəm ki, qış sərt keçsə belə, hər hansı çətinlik yaranmayacaq”

Sabiq deputat: “Paralel qurumların hərəsi bir tərəfdən yeyir, dağıdır, məsuliyyəti isə bir-birinin üzərinə atırlar, nəticədə vətəndaşlar Allahın ümidinə qalırlar”

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi (DYP) qış fəslinə ciddi hazırlaşdıqlarını bəyan edib. Qurumun açıqlamasında bildirilir ki, sürücülər və piyadalar da bu məsələdə yol polisinə dəstək olmalıdırlar.

Qeyd edək ki, artıq Azərbaycana qış fəsli daxil olub. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə yeni il ərəfəsində Azərbaycanda havaların soyuq keçəcəyini, temperaturun normadan 17 dərəcəyədək aşağı enəcəyini, yağış, sulu qar, bəzi yerlərdə isə qar yağacağını bildirib.

Təcrübəyə istinad etsək, görərik ki, hər il havaların kəskin soyuduğu, yolların buz bağladığı dövrlərdə paytaxtda və regionlarda həyat iflic olur, yollar qardan təmizlənmir, kommunal problemlər isə pik həddə çatır. DYP əməkdaşları isə ümumiyyətlə, gözə dəymirlər. Qəzalı vəziyyətlərdə sürücülər bir-birilərinə dəstək olmaqla, özlərini təbiətin “şıltaq zarafatından” qorumağa çalışırlar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun AYNA-ya dediyinə görə, əvvəlki dövrlərdən fərqli olaraq bu sahədə müsbət dəyişikliklər müşahidə olunmaqdadır: “Son illərə qədər qışın sərt dövrlərində həyat iflic olurdusa, artıq son dövrlər bu sahədə müsbət dinamika hiss olunur. Rayonlara səfərlərimiz zamanı qışa hazırlıqla bağlı ciddi tədbirlərin görüldüyünü müşahidə edirik. Eyni zamanda, paytaxtda da anoloji vəziyyət hökm sürür”.

“Hökumət qışa hazırlıqla bağlı dövlət proqramını təsdiq edib. Bütün dövlət qurumlarına bu məqsədlə vəsaitlər və texnikalar ayrılıb. Ərzaqla bağlı da hər hansı qıtlıq qeydə alınmır. Düşünürəm ki, qış sərt keçsə belə, bu qışı da normal başa vuracağıq. Hər hansı çətinlik yaranacağını gözləmirəm”, - deyə deputat bildirib.

Əhmədov vurğulayıb ki, müvafiq qurumlar bu məsələdə məsuliyyətli olmalıdır: “Hökumət bu sahəyə vəsait və texnika ayırırsa, aidiyyəti qurumlar da onlara tapşırılan işi məsuliyyətlə yerinə yetirməlidir. Onsuz da Azərbaycanda qış fəsli bir o qədər sərt keçmir. Sərt qışdan qorunmaq üçün bütün imkanlar mövcuddur. Sadəcə qalır vicdanla işləmək, vəssalam. Xüsusən müvafiq qurumlar kordinasiyalı şəkildə çalışmalı, əhalinin çətinliklərlə üzləşməsimə imkan verməməlidir”.

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli isə AYNA-ya açıqlamasında deyib ki, burada əsas problem idarəetmədə paralel strukturların olmasından qaynaqlanır: “Bakı Nəqliyyat Agentliyi olduğu halda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin olmasına nə ehtiyac var? Və ya icra hakimiyyətlərinin hazırkı funskiyaları nədən ibarətdir? Müstəqil ekspertlər illərdir idarəetmə sistemində optillaşdırmanın aparılması ilə bağlı təkliflərlə çıxış etsələr də, bunlar qulaqardına vurulur. Nəticədə kiçik fors-major hal ortaya çıxan kimi, həyat iflic olur”.

“Dünyanın əksər ölkələri qışa bir neçə ay öncədən hazırlaşırlar. Bizimkilər isə cərimə toplamaqla məşğuldurlar. Özü də yarışa giriblər. Kim nə qədər çox cərimə toplayırsa, özünü qəhrəman sayır”, - deyə həmsöhbətimiz vurğulayıb.

O, vəziyyətə belə aydınlıq gətirib: “Bilirsiniz bütün bu problemlər niyə baş verir? Mən deyim. Çünki paralel qurumların hərəsi bir tərəfdən yeyir, dağıdır, məsuliyyəti isə bir-birinin üzərinə atırlar. Nəticədə vətəndaşlar Allahın ümidinə qalırlar. Mən hesab edirəm ki, hər il olduğu kimi, hökumət bu il də qışa hazır deyil. Heç olmasa dövlət qurumları öz ayıblarına utansın. Hələ utanmdan qışa hazır olduqlarını bəyan edirlər. Ümid edirlər ki, qış sərt keçməz və təbiət onları “çıxılmaz durumda” qoymaz. Təbiət bir balaca sərt üzünü göstərən kimi, bunlar da məsuliyyəti üzərlərindən atırlar”.

“Nə zamana qədər ki, idarəetmədə korrupsiya var, dövlət idarəçiliyində özbaşınalıqlar mövcuddur, paralel strukturlar fəaliyyət göstərir, Azərbaycan heç zaman qışa hazır olmayacaq - nə bu il, nə gələn il, nə də ondan sonrakı illərdə”, - deyə ekspert bildirib.

Bəydəmirlinin sözlərinə görə, Azərbaycanda havaların mülayim keçməsi dövlət qurumlarının üzünü ağ edir: “Diqqət edin, görün nə qədər ölkə var ki, orada qış çox sərt keçir. Lakin onlar bunun öhdəsindən yüksək səviyyədə gəlirlər. Azərbaycanda isə üst-üstə heç 10 gün sərt qış keçmir. Bunda da həyat iflic olur. Nə yollar təmizlənir, nə kommunal xidmətlər fəaliyyət göstərir, nə də nəqliyyatın hərəkəti mümkün olur”.

Müəllif: Azər Niftiyev