"Yeni ildə partapartın qarşısının alınması üçün tədbirlər görülsün"

Cəmiyyət

09.12.2019 - 21:30

Hər il Yeni il münasibətilə pirotexnika satışına rast gəlinir. Baxmayaraq ki, ölkəyə gətirilən pirotexnikanın sərhəd- gömrük keçid məntəqəsindən necə keçdiyini bilən yoxdur. Başqa sözlə, Gömrük Komitəsi özü də bu sualın cavabını dəqiq verə bilmir. 


Tanınmış hüquqşünas Əkrəm Həsənov ölkəyə pirotexnika məhsulların gətirilməsinin qarşısının alınması ilə bağlı Daxili İşlər Naziri Vilayət Eyvazova və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət ünvanlayıb.


AYNA xəbər verir ki, hüquqşünas şərh verərək  insanların təhlükəsizliyi naminə tədbirlərin görülməsini xahiş edib: “Hər Yeni il bayramında ölkədə kütləvi şəkildə pirotexniki məmulatlar partladılır. Nəticədə yaralananlar və psixoloji sarsıntı keçirənlər olur, o cümlədən körpələr, xəstələr və qocalar arasında. Pirotexnika hətta liftlərdə də partladılır və nəticədə onlar sıradan çıxır. Başqa mənfi nəticələr də olur. Partapart əsnasında hər hansı cinayət törədilsə, heç eşidilməyəcək də!


Halbuki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunun 9-cu maddəsinə əsasən partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara aid edilib. Yəni mülki dövriyyənin yalnız müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalardır. Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? Şəhər və rayonlarda polisin gözü qabağında sərbəst şəkildə necə satılır?”

Müəllif: Raminə Eyvazqızı