Füzuli və Cəbrayılın yaradılmasından 89, işğalından 26 il ötür

Cəmiyyət

23.08.2019 - 10:42

Eyni ildə, eyni ayda yaradılan və eyni ilin eyni ayında işğal olunan iki rayon

 

Füzuli və Cəbrayıl rayonlarının hər ikisi 8 avqust 1930-cu ildə yaradılıb. AYNA xəbər verir ki, Azərbaycan Resbublikasının inzibati ərazi vahidi olan hər iki rayon 1993-cü ildən etibarən hər iki rayon Ermənistanın işğalındadır. 

 

Füzuli

 

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayı qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

 

Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

 

1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Füzuli səhəri Yağlıvənd,Dövlətyarlı, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər. 23 Avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.

 

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.

 

Cəbrayıl

 

Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.

 

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.

 

25 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Müəllif: Ayna.az