Diaspor nümayəndələri Şuşaya səfər ediblər

Xəbərlər

02.12.2021 - 14:58

Səfərdə 12 ölkədən 27 diaspor nümayəndəsi iştirak edir

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir qrup diaspor nümayəndəsinin Şuşaya dördüncü səfəri başlayıb.

Komitədən AYNA-ya bildirilib ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə gerçəkləşən sayca dördüncü səfərdə 12 ölkədən 27 diaspor nümayəndəsi iştirak edir.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət edəcəklər. Soydaşlarımız qədim şəhərdə aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olacaqlar.

Şuşaya son 30 ildə ilk dəfə ayaq basan diaspor nümayəndələri bu xoşbəxtliyi onlara bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.

Müəllif: Ayna.az