Deputatlardan telekanallara etiraz: “Cəmiyyəti pozur, milləti millət olmaqdan çıxarır”

Cəmiyyət

02.05.2023 - 17:50

İTV-nin Yayım Şurasına üzvlər seçildi: millət vəkilləri televiziyaların şou verilişlərini “topa tutdular”

Milli Məclisin bu gün baş tutan iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbov (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavəri (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.

“Televizoru açırsan, baxırsan ki, 70 yaşlı kişini evlənməyə çağırıblar. Belə biabırçılıq olar?!”

Müzakirə zamanı deputatlar Azərbaycan telekanalları ilə bağlı iradlar səsləndiriblər. Deputat Siyavuş Novruzov televiziyalardakı verilişlərdən narazı olduğunu bildirib: “Telekanallarda verilişlərə xüsusi diqqət yetirilməlidir, biabırçılıqlara son qoyulmalıdır. Məsələn, televizoru açırsan, baxırsan ki, 70 yaşlı kişini evlənməyə çağırıblar, belə biabırçılıq olar?! Axı bizim milli mentalitemiz var, bu kimi hallar bizlərə ziddir. Razıyam ki, Rusiyada belə verilişlər var. Amma nəzərə alınmalıdır ki, onların mentaliteti fərqlidir, biz belə olmalı deyilik. Televiziyada evlənməkmi olar?”.

“Düşünürəm ki, ağsaqqalar da bu duruma münasibət bildirməlidir. Bu verilişlərə nəvə, nəticə, uşaqlar baxır. Beş manat pul qazanırsız, Allah qəbul etsin. Amma beş manata görə belə etmək, xalqın zövqünü pozmaq olmaz axı”, deputat yerli telekanallara etirazını bildirib.

“Ekrandakı izləyicilərini “xalq” hesab edən 3-4 aparıcının arxasında kifayət qədər zövqsüz və savadsız bir kütlə dayanır”

Deputat Zahid Oruc da yerli telekanalların fəaliyyətindən gileylənib. Millət vəkili deyib ki, telekanallara baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb: “Bunun səbəbləri dərin və çoxşaxəlidir. Onlardan biri dünya TV təcrübəsində ən uğurlu proqram formatları yarada bilməmələri, digərləri verilişlərin yayım ənənəsi, milli xüsusiyyətləri, janrı, kontenti, hədəf auditoriya, aparıcı peşəkarlığı, təqdimat tərzi və s. aspektlərlə bağlıdır. Artıq on illərlə davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların TV-lərin əsas simasına çevrildiyini görürük. Düşünürəm ki, onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Belə ki, üst-üstə 5-6 milyon ölkə əhalisinin yarıdan çoxunun instaqram izləyicisi olması onu göstərir ki, ekrandakı izləyicilərini “xalq” hesab edən 3-4 aparıcının arxasında kifayət qədər zövqsüz və savadsız bir kütlə dayanır. Bütövlükdə, artıq üşüncü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüş və mədəniyyəti, dəyərləri ciddi deformasiyaya uğramaqdadır”.

“Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil. Əksinə, məncə bu, düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin-müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilməsi nəticəsində bir neçə aparıcı və telekanal reklam və sərvət toplayır”, - Z.Oruc narazılığını ifadə edib.

“Telekanallar ailə dəyərlərinin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər”

“Bütövlükdə media siyasətinə, bir sıra televiziyalarımızın fəaliyyətinə yenidən baxmalıyıq”, - deyən deputat Ceyhun Məmmədov isə qeyd edib ki, televiziyanın funksiyası yalnız insanları əyləndirmək deyil: “Televiziyanın bir funksiyası da cəmiyyəti maarifləndirməkdir. İnsanlarımızın bizdən gözləntisi budur və sizi inandırım ki, bizə ünvanlanan ən çox narazılıqlardan biri də bununla bağlıdır. Hesab edirəm ki, telekanallar milli-mənəvi dəyərlərimizin aşınmasına, ailə dəyərlərinin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər. Bu gün dövlətimizin medianı dəstəkləməyə kifayət qədər imkanı var. Məncə, media siyasətinə yenidən baxılmalıdır”.

“Biz mənəviyyatımızı zədələyən, ailə sütununu zəiflədən verilişlərdən imtina etməliyik, əsas üstünlüyü maarifləndirici verilişlərə verməliyik. Bu gün dünyada gedən informasiya müharibəsi fonunda biz əcnəbi dillərdə - rus, ingilis, fars, ərəb dillərində verilişlərin təşkilinə xüsusi önəm verməliyik. Bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik. Bu gün bir sıra dövlətlər, o cümlədən Türkiyə bu istiqamətdə çox fəal iş aparır. Bizim televiziyalarımız da bu istiqamətdə fəal olmalıdırlar. Yeni dövrün tələblərinə hazır olmalıyıq ki, uğur qazana bilək", - millət vəkili əlavə edib.

Deputat onu da qeyd edib ki, hazırda ənənəvi media sosial şəbəkələrlə rəqabətdə uduzur: “İnsanların çoxu sosial şəbəkələri izləyir. Yenə deyirəm, ümumilikdə media siyasətimizə yenidən baxmalı, bu istiqamətdə fəal iş aparmalıyıq. Biz informasiyaları elə təqdim etməliyik ki, insanlar ona baxsınlar. Bəzən televiziyada bir verilişə min adam baxırsa, sosial mediada milyonlarla insan baxır. Bunu etiraf etmək lazımdır".

“Onlara kim imkan verir ki, xalqa belə müraciət edirlər?!”

Deputat Sahib Alıyev çıxışında deyib ki, növbəti büdcə müzakirələri zamanı dövlətin maliyyələşdirdiyi iki telekanalın (AzTV və İTV) hansının özünü daha çox doğrultduğuna baxmaq lazımdır. Onun  sözlərinə görə, bu gün İctimai Televiziyaya cəmiyyətin müxtəlif spektrlərinin nümayəndələri dəvət olunur: “Hesab edirəm ki, bu, təqdir olunasıdır. Ümumilikdə isə telekanallarımızda problemlər mövcuddur. Bayağı verilişlər cəmiyyəti geri aparır. Məsələn, telekanallarda zamanında aşağı zövqü insanlar üçün nəzərdə tutulan verilişdə populyarlaşanların sonra necə İranın, mərsiyaxançılığın təbliğatçısına çevrildiyinin şahidi olmuşuq. Ona görə də bu məsələlərə diqqət edilməlidir”.

Deputat Sabir Rüstəmxanlı telekanalları ittiham edib və bildirib ki, televiziyalarda cəmiyyəti pozan verilişlər verilir: “Bu verilişlər milləti millət olmaqdan çıxarır. Hesab edirəm ki, hər şey millətin mədəniyyətinə uyğun olmalıdır. Telekanalların başında dayananlar xalqın, dövlətin, gələcəyini düşünməlidirlər. Aktyorlar və başqaları çıxırlar efirə, yarı Azərbaycan, yarı rus dilində danışırlar. Onlara kim imkan verir ki, xalqa belə müraciət edirlər?! Bu məsələlərə diqqət artırılmalıdır”.

“Düşük, bayağı, çığırtı-bağırtı olan verilişlər...”

“İTV Yayım Şurasına seçiləcək dostlarımızı indidən təbrik edirəm və arzulayıram ki, onlar İTV-ni daha da baxımlı etsinlər. Burada ədalət naminə demək lazımdır ki, İTV yüksək səviyyəli efir məkanına çevrilib. Məncə, onu regionumuzun, bütöv MDB məkanının ən maraqlı və göz oxşayan efir məkanlarından biri hesab etmək olar”, - deyən deputat Razi Nurullayev bildirib ki, İTV rəhbərliyi, əməkdaşlar baxımlı, maraqlı efir məkanı yaradıblar: “İTV-də yayımlanan “3D” verilişi əvvəllər daha çox maraqlı idi. İstərdim ki, veriliş ilk zamanlardakı formatına geri dönsün. Bütün televiziyalara isə arzum budur ki, bizim efir məkanlarında sağlam tənqid səsləndirən verilişlərin sayı çoxalsın. Yalançı, boğazdan yuxarı təriflər, yaltaqlıq təbliğ edən verilişlər, yerli-yersiz təriflər ölkənin inkişafına yox, geriləməsinə səbəb olur”.

“Düşük, bayağı, çığırtı-bağırtı olan verilişlər cəmiyyətimizin mədəni və intellektual səviyyəsinin aşağı düşməsinə səbəb olur. Onun üçün də gərək biz düşünək ki, televiziyalara hansı köməkliyi edək ki, onlar bu cür verilişlər üzərində reytinq qurub pul qazanmasınlar. Razıyam ki, onlara başqa mümkün mənbələrdən pul qazanmağa imkan yaradılsın ki, onlar maliyyə arxasınca düşüb cəmiyyətə lazımsız məlumatlar ötürməsinlər”, - deyə Nurullayev əlavə edib.

Müzakirələrdən sonra səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.

Müəllif: Anar Bayramoğlu