Deputatlardan etiraz: “Heç nə həll olunmayıb, seçicilərin qarşısında gözükölgəliyik”

İqtisadiyyat

06.06.2023 - 14:08

Milli Məclisdə büdcə müzakirəsi: bu ilin büdcəsinə dəyişiklik layihəsi qəbul olundu

Bu gün Milli Məclisin növbədənkənar sessiyasında ilk iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyə 14 məsələ daxil edilib. Əvvəlcə gündəlikdə olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub. Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən cari ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini təqdim edib.

Qanun layihəsinə əsasən Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon 500 min manat, xərcləri 36 milyard 568 milyon 800 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 milyard 14 milyon 798 min manat, yerli gəlirləri 764 milyon 702 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 791 milyon 792 min manat, yerli xərcləri 777 milyon 8 min manat) məbləğində təsdiq edilir.

Spiker büdcəyə dəyişikliyin səbəbindən danışdı

Büdcəyə dəyişikliklər “Büdcə sistemi haqqında” Qanunda dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması, onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi zərurətindən yaranıb. Dəyişikliklər il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair l Dövlət Proqramının icrası və digər məsələləri özündə ehtiva edir. 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi hədəflər gözlənilməklə tərtib olunub.

Qeyd edək ki, dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17 milyard 739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16 milyard 39,8 milyon manatı qeyri-neft sektorunun payına düşür.

Spiker S.Qafarova çıxışı zamanı bildirib ki, Azərbaycan dinamik inkişaf edən ölkələrdən biridir: “İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik xərclərinin artırılması məqsədi ilə 2023-cü ilin büdcəsinə dəyişiklik etməyə ehtiyac yaranıb. Bu səbəbdən cari ilin büdcəsinə yenidən baxılır”.

Nazir: “Qarabağ və Şərqi Zəngəzurda layihələrə ayrılan vəsaitin 60 faizi istifadə olunub”

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır:  “Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat (9.8 faiz) çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına düşür. Yeni büdcəsinin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına düşür. Yeni büdcəsinin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır. Bu da təsdiqlənmiş göstəriciyə nisbətən 3 milyard 215 milyon manat (9.6 faiz) artıqdır”.

“2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün bir milyard manat ayrılması nəzərdə tutulur. 1 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 000 milyon manat artırılması nəzərdə tutulur", - deyə Şərifov əlavə edib.

Nazirin sözlərinə görə, artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 070 milyon manat təşkil edəcək: “Artan xərclərin böyük bir hissəsi (2 milyard 260 milyon manat) işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlıdır. Artımın qalan hissəsi də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi dəstək mahiyyəti daşımalıdır. İlin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürüləcək. Mövcud sənəddə bu, 50 dollardır. Bu ilin dörd aylında Azərbaycan neftin bir barelinin orta ixrac qiyməti 85.8 ABŞ dolları təşkil edib. Artımdan sonra müdafiə və təhlükəsizlik üzrə xərclər 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcək”.

“Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulub. Layihələrin bir hissəsi artıq başa çatdırılaraq istifadəyə verilib. 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsait ərazilərin bərpası üçün ayrılmışdı. Cari ildə vəsaitin artıq 60 faizi istifadə olunub. Bu, böyük rəqəmdir”, - deyə S.Şərifov vurğulayıb.

Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyon manat artırılır

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb. Onun sözlərinə görə, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manat təşkil etməsi təklif olunur: “Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaq. DSMF dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat uşağın anadan olmasına görə müavinətin məbləğini 2023-cü ilin yanvar ayından 300 manatdan 500 manata qaldırılması xərclərini qarşılamaq üçün nəzərdə tutulub. Eyni zamanda, postkovid dövründə ölüm hallarının azalması səbəbindən dəfn üçün müavinətin 2023-cü ilin büdcəsində təsdiq edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi təklif olunur”.

“Fondun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumunun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 4 milyon manat və yaxud 3,9 faiz artırılaraq 106,7 milyon manat səviyyəsində olması nəzərdə tutulur. İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulub”, - komitə sədri əlavə edib.

M.Quliyev bildirib ki, büdcə gəlirlərinin 5 milyon manatlıq artımı İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək: “İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi Dövlət Məşğulluq Agentliyinin strukturunun saxlanma xərcləri istiqamətində artımların olması nəzərdə tutulur”.

Deputat: “İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar”

Müzakirələr zamanı deputatlar təklif və tənqidlərini səsləndiriblər. Millət vəkili Fazil Mustafa əhalinin sosial müdafiəsində ciddi problemlərin olduğunu diqqətə çatdırıb. Deputat sosial müdafiənin gücləndirilməsi üçün büdcədə vəsaitin olduğunu söyləyib: “Məsələn, olimpiya kompleksləri və digər bu kimi yerlərin saxlanmasına vəsait ayrılır. Hesab edirəm ki, bu vəsaitlər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir. Belə obyektlər isə təcili şəkildə özəlləşdirilməlidir”.

F.Mustafa dərmanların qiymətindən də narazılığını bildirib: “Dərmanların qiymətləri çox bahadır. Lakin bu bahalığın qarşısını almaq üçün tədbirlər görülmür. Bizim bazardan Avropa dərmanları çıxıb, Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Təəssüf ki, Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. Təsəvvür edin ki, insanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar. Bu vəziyyəti həll etmək üçün təcili tədbirlər görülməlidir”.

Deputat Elşən Musayev isə Azərbaycanın xaricdəki diplomatik korpuslarının qorunmasının vacibliyinə toxunub. Millət vəkili deyib ki, səfirliklərimizin müdafiəsi gücləndirilməlidir. Bunun üçün büdcədən ayrılan maliyyənin artırılmasını lazımdır”.

“Keçən büdcə müzakirələrində də bu məsələni qaldırmışdım. Nəzərə almaq lazımdır ki, bizi gözü götürməyən dövlətlərin təxribatlarından hələ də sığortalanmamışıq”, - Musayev əlavə edib.

Millət vəkili gileyləndi: “Özümüz deyirik, özümüz də eşidirik”

“Tez-tez eşidirik ki, Azərbaycanın xarici borcu azalır. Xarici borc pis şeydirsə, niyə ən inkişaf etmiş dövlətlər də xarici borclanmaya gedir?”. Bu sözləri müzakirə zamanı deputat Tahir Kərimli deyib. Millət vəkili hesab edir ki, dövlətin xarici borclanmaya getməsi pis hadisə deyil.  Onun sözlərinə görə, bundan çəkinmək lazım deyil.

Özəlləşdirmə məsələsindən danışan millət vəkili qeyd edib ki, Azərbaycanda özəlləşdirmə sahəsində çox yaxşı vəziyyət var: “Məsələn, Azərbaycanda yerin təki özəlləşdirilməyib, dövlət də yerin təkindəki sərvətlər hesabına qazanılan gəlirlə bir çox mühüm işlər görür”.

“Məni narahat edən başqa bir məsələdir. Biz büdcə müzakirələri zamanı fikirlərimizi deyirik, problemləri qaldırırıq, amma bunların həlli istiqamətində addımlar görmürük. Elə özümüz deyirik, özümüz də eşidirik. Hökumətə problemlə bağlı müraciət edirik, yazılı cavab verirlər ki, bu il həll olunacaq. Lakin hələ də heç nə həll olunmayıb”, - deyə T.Kərimli şikayətlənib.

“Əvvəllər seçicilər şikayət edirdi ki, problemlərimizi qaldırmırsınız. İndi buna şəraitimiz var, məsələləri qaldırırıq, deyirik.  Amma problemlər həll olunmur. Seçicinin yanında gözükölgəli qalırıq. Onlar deyirlər ki, deputatın problemləri deməsinin nə mənası var, onsuz da həll olunmur, hökumət tərəfindən baxılmır. Xahiş edirəm ki, qaldırılan məsələlər həllini tapsın”, - deputat əlavə edib.

Müzakirələrdən sonra büdcəyə dəyişiklik layihəsi səsverməyə çıxaqrılaraq qəbul olunub.

Müəllif: Anar Bayramoğlu