Sabir Rüstəmxanlı: “Biznes salonlara ticarət adamları, vəzifəli şəxslərin qohumları rahat gəlib-gedirlər, amma millət vəkilləri bundan istifadə edə bilmir”
Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi davam edib. Bu gün keçirilən iclasın gündəliyinə ümumilikdə 8 məsələ daxil edilib. Toplantıda hökumət nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat və yaxud 0,8 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 493,4 milyon manat və yaxud 11,4 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və ya 0,4 faiz çoxdur.
İclasda Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə görə, Milli Məclis və onun aparatının gələn il üçün xərclər semtası 50 milyon 919 min 10 manat məbləğində təşkil edəcək. Belə ki, Milli Məclis və onun aparatının əməyin ödənişi xərcləri 38 milyon 248 min 130 manat təşkil edəcək. Ştatda olan işçilərin əməkhaqqına 28 milyon 390 min 119 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 26 min 880 manat xərclənəcək. Bundan başqa, Milli Məclisin ezamiyyət xərcləri 2 milyon 170 min manat təşkil edəcək.
Sənədə əsasən, parlamentin və onun aparatının ölkədaxili ezamiyyət xərclərinə 70 min manat, xarici ezamiyyət xərclərinə isə 2 milyon 100 min manat ayrılacaq.
“Qanun layihələrini bu kompüterdə açmaqda çətinlik çəkirəm”
Müzakirə zamanı deputat Hikmət Məmmədov bildirib ki, deputatların kompüterlərinin yenilənməsinə ehtiyac var: “Firudin bəy qeyd etdi ki, Milli Məclisin deputatları, Milli Məclisin Aparatı və İşlər İdarəsinin əməkdaşları mütəmadi olaraq kompüterlərlə təmin edilir. Bu, çox təqdirə layiq hadisədir. Hətta bizə qanun layihələri elektron formada təqdim olunur, bununla da biz kağızdan istifadə etmirik. Amma bizə göndərilən qanun layihələrini hazırda önümüzdəki kompüteri açmaqda çətinlik çəkirəm. Bir neçə dəfə cəhddən sonra buna nail ola bildim. Hesab edirəm ki, Maliyyə Nazirliyinin daxili imkanları hesabına və ya hansısa formada önümüzdə olan kompüterlərin daha funkisional, keyfiyyətli formasının alınması vacibdir”.
“Əvvəl deputat olub, sonra olmayanlar da VİP salondan istifadə edə bilirdi”
“Əvvəllər deputatlar, diplomatlar xarici ölkələrə gedəndə ailə üzvlərini yanlarında apara bilirdilər. Sonra onların özləri olmadan da övladı və həyat yoldaşı VİP salondan istifadə edə bilirdi. Bu qanun hər yerdə belədir. Hətta əvvəl deputat olub, sonra olmayanlar da VİP salondan istifadə edə bilirdi. İndi qayda belədir ki, özün gedirsənsə, istifadə edə bilərsən, amma özün getmirsənsə, sənin ailə üzvlərin orda gedə bilməz". Bu sözləri isə çıxışı zamanı deputat, Xalq şairi Sabir Rüstəmxanlı səsləndirib.
Millət vəkilinin sözlərinə görə, bu məsələdə deputata fərqli münasibət var: “Biznes salonlara ticarət adamları, vəzifəli şəxslərin qohumları rahat gəlib-gedirlər, amma millət vəkilləri bundan istifadə edə bilmir. Niyə belə ögey münasibət olmalıdır? Mən istəyirəm, bu məsələ bizim aidiyyati orqanların qarşısında qaldırılsın”.
Deputatdan etiraz: “Bizdən iki-üç dəfə artıq pul tələb edirlər”
“Bundan başqa, məsələn, mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram. İki otaqlı mənzilim var. Mənim bütün yazı-pozu işlərim ora ilə bağlıdır. Sakit bir yerdir. Amma orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orada güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Mən məcburam orda qalam. Başqa imkan yoxdur. Amma mən orada biznesmen kimi qalıram. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harda görülüb? Niyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram”, - deyə deputat narazılığını bildirib.
“Kahramanmaraşdakı əraziyə Azərbaycanla əlaqəli ad qoyulsun”
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə” qanunun layihəsi də müzakirəyə çıxarılıb.
Müzakirə zamanı deputat Musa Qasımlı Kahramanmaraş vilayətində Azərbaycanın tikəcəyi əraziyə ölkəmizlə əlaqəli adın qoyulmasını təklif edib: “Azərbaycan işğalda olan torpaqlarını azad etdi, bu gün təkbaşın öz maliyyəsi hesabına ərazilərini dirçəldir. Belə şəraitdə Azərbaycanın qardaş ölkəyə yardım etməsi, orada şəhər tikməsi sadə məsələ deyil. Bu gələcək nəsillər üçün də çox əhəmiyyətlidir. Təbii ki, o şəhərin adının qoyulması qardaş ölkənin daxili işidir. Lakin hesab edirəm ki, yeni tikilən şəhərin Azərbaycanla bağlı hər hansı formada adının olması gələcək nəsillər üçün böyük tarixi əhəmiyyat daşıyar”.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Kredit faizlərindən narazılıq: “Həddindən artıq yuxarıdır”
“Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov kredit faizlərinin yüksək olmasını tənqid edib. Millət vəkili bildirib ki, Azərbaycanda 40 yaxın bank fəaliyyət göstərir: “Özəl bank sisteminin olması qarşılıqlı rəqabətin yaranması üçün vacibdir. Bu gün vətəndaşlarımızın ala biləcəyi kreditlərdə faizlər həddindən artıq yuxarıdır. Demək olar ki, banklarda faizlər 14 faizdən başlayır. Məsələn, vətəndaş hər hansı təsərrüfat üçün kredit götürürsə, ilboyu krediti qaytarmaq onun üçün çətin olacaq. Bu vəsaiti qaytarmaq üçün vətəndaş faizə işləməlidir. Eyni zamanda, bu gün ölkədə bankların xarici banklarla əməkdaşlıqları demək olar ki, sıfır səviyyəsindədir. Bu kimi əməkdaşlıqlara diqqət yetirmək lazımıdır. Bank sistemi ölkənin qan-damar sistemini təşkil edir. Ona görə də bu sahəyə xüsusi diqqət yetirmək lazımıdır”.
İclasda 2024-cü ilin dövlət büdcəsi zərfinin ilk oxunuşda müzakirəsi başa çatıb. Deputatlar gələn ilin büdcəsi ilə bağlı təkliflərini səsləndiriblər. Daha sonra büdcə zərfinə daxil olan qanunlar birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.