Deputatlar gileylərində haqlıdırlarmı: “Məmurlar bizi saymırlar”

Cəmiyyət

23.03.2022 - 22:45

Nazirlər deputatları niyə ciddiyə almırlar? – “Özlərinə sığışdırmırlar”

Martın 15-də Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyəti haqqında hesabatı dinlənilib. Baş nazir Əli Əsədov, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökumət üzvləri iclasda iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən hökumət başçısı Əli Əsədov yola saldığımız ildə görülən işlərdən həbs edib. O söyləyib ki, 2021-ci ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edib.

Hesabatın müzakirəsi zamanı çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bəzi nazirlərin deputatları saya salmadıqlarından gileylənib: “Hökumət üzvləri telefonlara cavab vermirlər. Cənab Baş nazir, elə nazirlər var ki, bizim zənglərimizə cavab vermirlər, telefonları götürmürlər”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununa görə, dövlət qurumları, o cümlədən hökumət üzvləri deputatların sorğularına cavab verməli, onlarla təmasdan yayınmamalıdırlar. Lakin deputatın da söylədiyi kimi, bu gün Azərbaycanda qanunverici hakimiyyət arxa plana keçib və bütün idarəetmə icra hakimiyyətinin əlində cəmləşib.

Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa AYNA-ya açıqlamasında deyib ki, bəzi nazirlər dövlət ərkanı barədə ümumiyyətlə, məlumatsızdırlar: “Onlar bilmirlər ki, fəaliyyətləri nədən ibarətdir, Milli Məclisin üzvlərinə nəyə görə cavab verməlidirlər. Çünki idarəetmə təcrübələri yoxdur. Bəlkə də, bu vəzifələrə hansısa təsadüf  nəticəsində gəlib çıxıblar”.

“Elələri də var, hesab edirlər ki, xüsusi imtiyaz sahibidirlər və deputatlara cavab verməyi özlərinə sığışdırmırlar. Əslində isə deputatın statusu haqqında qanunda deputat sorğularına cavab verilməsi məcburi xarakter daşıyır. Çox təəssüf ki, bəzi nazirlər, komitə sədrləri, Nazirlər Kabinetinin digər üzvləri, dövlət məmurları və icra başçıları arasında bu cür yanaşan məmurlar az deyil”, - deyə deputat bildirib.

Mustafanın sözlərinə görə, bunu bütün nazirliklərə və dövlət qurumlarına şamil etmək olmaz: “Uzun illərin deputat təcrübəsinə əsaslanıb deyə bilərəm ki, əksər dövlət qurumlarında bununla bağlı hər hansı problem yoxdur. Onlar deputat sorğularına da cavab verir, onların qaldırdıqları məsələlərin həllinə öz dəstəyini ifadə edirlər. Hesab edirəm ki, ictimaiyyətlə və deputatlarla təmasdan yayınan yüksək rütbəli məmurlar var bu cür həmkarlarından örnək götürməlidirlər. Əgər məmur deputata cavab vermirsə və ya onu ciddiyə almırsa, o, heç şübhəsiz, vətəndaşların müraciətlərini də ciddiyə almayacaq. Unutmaq lazım deyil ki, vəzifə xalqa xidmət vasitəsidir, üstünlük və imtiyaz deyil”.

Deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, 27 illik deputatlıq fəaliyyəti boyunca dövlət qurumlarından hər hansı bir hörmətsizlik görməyib: “Tam səmimi şəkildə söyləmək istəyirəm ki, indiyə qədər hər hansı nazirlikdən və ya digər dövlət qurumundan özümə qarşı hörmətsizlik görməmişəm. Hansı məsələ və ya problem tərəfimdən qaldırılıbsa, onun həllinə dəstək olublar. Yəni, öz təcrübəmdən çıxış edərək deputatların məmurlara ehtiramla yanaşdığını müşahidə etmişəm”.

“Lakin hökumət də, parlament də bütöv bir sistemdir və burada müxtəlif cür yanaşmalar ola bilər. Ola bilər ki, hansısa dövlət qurumu deputatlarla və ya ictimaiyyətlə işini düzgün tənzimləyə bilmir, yaxud da deputatların bəziləri koordinasiyanı uğurlu şəkildə tətbiq həyata keçirmirlər. Bu baxımdan hansısa deputatın mövqeyini mütləq həqiqət kimi qəbul etmək doğru deyil”, - deyə AVP sədri söyləyib.

Ağamalı qeyd edib ki, Prezident İlham Əliyev dövlət qurumlarının ictimaiyyətlə, parlamentlə, siyasi partiyalarla əlaqələrinə xüsusi önəm verir: “Cənab Prezident gərgin iş qrafikina baxmayaraq, vaxtaşırı olaraq regionlarımıza səfərlər edir, əhalinin problemləri ilə şəxsən maraqlanır, onları dinləyir vəı problemlərinin  həllinə göstəriş verir. Bir halda ki, dövlətin başçısı bunu edir, bütün məmurların borcudur ki, onlar da vətəndaşlara qarşı təvazökar davransınlar. Cənab İlham Əliyev dəfələrlə bununla bağlı məmurlara xəbərdarlıq edib. Prezidentin təşəbbüsü ilə Milli Məclis və siyasi partiyalarla əlaqələri tənzimləyən dövlət qurumu da yaradılıb. Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təsis olunması, kifayət qədər də uğurlu fəaliyyət göstərməsi bunun bariz nümunəsidir”.

Sabiq deputat, İnsan Hüquqları və Demokratiya Komitəsinin sədri Çingiz Qənizadə də AYNA-ya açıqlamasında deyib ki, deputat fəaliyyəti müddətində hansısa dövlət qurumundan hörmətsizlik görməyib: “Keçmiş həmkarlarımın hökumət üzvlərinin fəaliyyəti ilə bağlı iradlarını mətbuatdan izlədim. Şəxsən özüm deputat fəaliyyətim boyunca heç vaxt bu cür hallarla qarşılaşmamışam. Telefon zənglərimə, müraciətlərinə, deputat sorğularıma hər zaman cavab verilib, qaldırdığım məsələlər diqqətdə saxlanılıb. Hesab edirəm ki, qaldırılan hər hansı məsələnin həmin quruma necə çatdırılmasından çox şey asılıdır”.

“Mümkündür ki, həm məktubların yazılışında, həm də yanaşma tərzində müəyyən qüsurlar var. Bütün hallarda deputatların sorğularına və telefon zənglərinə istənilən dövlət qurumunun rəhbəri cavab verməlidir. Bu, onların vəzifə borcudur və deputatların statusu haqqında qanunla tənzimlənir. Bütün hallarda bu cür halların baş verməsi yaxşı hal deyil”, - deyə həmsöhbətimiz vurğulayıb.

Qənizadə hesab edir ki, hakimiyyətin qolları arasında sağlam münasibətlər təmin olunmalıdır: “Bu, yalnız dövlətin gücləməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, deputat hər hansı bir məsələni qaldırır və onun həllinə nail olmursa, seçicilər ondan narazı olurlar. Bu baxımdan deputatlar seçiciləri tərəfindən qaldırılan müraciətləri diqqətə alır və onların həllinə dəstək olurlar. Düşünürəm ki, yuxarı instansiyalar bu məsələni nəzarətə götürməli, məmurlar tərəfindən deputatların və vətəndaşların müraciətlərinə laqeyd yanaşan dövlət qurumlarına xəbərdarlıq etməlidir”.

“Təbii ki, hamı istəyirik, güclü parlament və icra hakimiyyəti formalaşsın. Əgər bir deputat bu iradını Milli Məclisin plenar iclasında qaldırırsa, demək bunu söyləmək üçün müəyyən səbəbləri mövcuddur. Bu açıqlama həmin dövlət qurumları üçün bir xatırlatmadır və onlar bundan düzgün nəticə çıxarmalıdırlar”, - deyə keçmiş deputat fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev