“Azərbaycan Cinayət Məcəlləsində musiqiyə qulaq asmağa görə cəza varmı” sualı səslənir artıq...
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Ölkədə ciddi kadr çatışmazlığı var. Bir çox müəssiələrdə, dövlət qurumlarında əyləşən kadrların bəziləri onlar tərəfindən deyilən sözün kabinetdən çıxandan sonra hansı effekt verəcəyini ağıllarına belə, gətirmirlər. Bu cümlələrdə qərəz və ya sifariş axtaranlara bəri başdan deyim ki, arqumentlərimlə tanış olun, sonra “bu yazını kim yazıb və ya yazdırıb” kimi, öz funksiyasını yerinə yetirərkən, səhvlərini görməyən, göstərilən səhvlərdə isə yalnız qərəz axtaran məmur suallarını verin. Mən başqa sahələri qoyuram kənara, yalnız öz sahəmizlə - mətbuatla işləməyə məsul qurumlardan danışacağam.
Yoldaş Mircəfər