Deputatlar Baş nazirə nazirlərdən şikayətləndilər: "Zəng edirik, cavab verilmir"

Cəmiyyət

15.03.2022 - 20:21

Tahir Kərimli: "Biz vətəndaşların problemləri ilə bağlı narahatlığı ifadə edirik, amma nazirliklər müraciətlərimizə baxmırlar"

Sabir Rüstəmxanlı: "Hökumət üzvlərinə çıxış imkanımız demək olar ki, yoxdur"

Bu gün Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə görülən işlər haqqında hesabatı dinlənilib. Hesabatı Baş nazir Əli Əsədov təqdim edib. 

Baş nazirin məruzəsindən sonra deputatlar hesabatla bağlı fikirlərini bildirməklə yanaşı, nazirlərdən şikayətləniblər. 

Gəncəni təmsil edən deputat Naqif Həmzəyev təklif edib ki, Gəncə şəhərindən Şuşaya avtobus reysləri açılsın: “Seçicilərimiz bizə Gəncədən Şuşaya getmək istədiklərini bildirirlər. Təklif edirəm ki, seçicilərimizin istəklərini nəzərə alaraq Gəncədən Şuşaya avtobus reysi təşkil edilsin”.

Deputat: "Nəinki nazir, heç nazir müavini səviyyəsində də bizə cavab verilmir"

Deputat Tahir Kərimli Baş nazirə nazirliklərdən şikayətlənərək deyib ki, nazirlər, nazirliklərin vəzifəliləri, dövlət qurumlarının rəhbərləri millət vəkillərinin müraciətlərinə biganədirlər: "Bizim müraciətlərimiz nə üçün cavablandırılmır? Biz vətəndaşların problemləri ilə bağlı narahatlığı ifadə edirik, amma nazirliklər müraciətlərimizə baxmırlar. Təsəvvür edirsiniz, hökumət üzvləri bizə, deputatlara cavab vermirlər. Nəinki nazir, heç nazir müavini səviyyəsində də bizə cavab verilmir. Zəng edirik, cavab verilmir. Bu, “Deputat statusu haqqında” qanuna nazirlərin məhəl qoymamasıdır". 

"Onların maaşı daha çox artırılmalıdır"

Şikayətlə yanaşı, deputat təkliflər də səsləndirib. T.Kərimli “Anatiinhisar fəaliyyəti haqqında” yeni qanunun hazırlanmasını alqışladığını vurğulayıb. Millət vəkili eyni zamanda təklif edib ki, şəhid adlarının əbədiləşdirilməsindəki çətinliklər aradan qaldırılsın: "Şəhid adlarının məktəblərə verilməsində çətinliklər var. Hesab edirəm ki, Nazirlər Kabineti müvafiq qərara dəyişiklik etməlidir”.

Deputat özəlləşmə məsələsindən də danışıb və bildirib ki, özəlləşdirmə zamanı keçmişdə yol verilmiş səhvlər Qarabağda təkrarlamamalıdır. 

"Əməkhaqqı artımı məsələsində də problem var. Düşünürəm ki, əməkhaqqı artımıə 1000 manat və daha yüksək maaş alanlara deyil, aşağı əməkhaqqı alanlara şamil edilsin. Onların maaşı daha çox artırılmalıdır. Başqa bir məsələ də kəndlərdə həkim, xarici dil müəllimi çatışmazlıdığıdır. Bu məsələ də həllini tapmalıdır", - deputat vurğulayıb.

Deputat: “Elə bil ki, parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox”

“Hökumətin hesabatına Milli Məclisdə bir gün ayrılması düzgün deyil. Çıxışa yazıla bilənlər danışır, yazıla bilməyənlər isə öz rayonundakı problemi qaldıra bilmirlər. Bizim üçün əlçatan tribuna buradır. Hökumət üzvlərinə çıxış imkanımız demək olar ki, yoxdur. Zəng edirik, problem deyirik, deyirlər geri dönəcəyik və s. Burda da elə bil ki, parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox. Bir gün çox azdır”. Bu sözləri deputat Sabir Rüstəmxanlı söyləyib.

Deputat təklif edib ki, Milli Məclisdə azlıqda olan partiya təmsilçilərinə də söz verilsin. Milli Məclisin Sədri Sahibə Qafarova isə bildirib ki, S.Rüstəmxanlı çıxış etmək üçün yazılanlar sırasında 29-cudur, vaxt çatsa, ona da söz verəcək.

Deputat Cavid Osmanov isə təklif edib ki, Baş nazirin müavinlərinin deputatlarla rübdə bir dəfə görüşü təşkil edilsin: "Hesab edirəm ki, bu, rayonlardakı problemlərin həlli üçün yaxşı nəticə verə bilər. Baş nazirin müavinləri ilə deputatlar rübdə bir dəfə rayonlarda olan problemləri müzakirə etsinlər. Bununla hesabat iclasına qədər rayonlarda olan problemlərin həllinə daha çox nail ola bilərik. Bu, həm də hökumət və parlament arasında əlaqələrin də daha da möhkəmlənməsinə səbəb olar”.

"Cənab Baş nazir, sizdən kömək gözləyirik”

Deputat Razi Nurullayev Baş nazirə bir neçə məsələ ilə bağlı müraciət edib. Millət vəkili bildirib ki, evində yanğın olanlar sonradan problemlə qarşılaşırlar: "Hər bir kənddə, qəsəbədə, rayonda və şəhərdə evi yananlar var. Sığortası olmadığına görə evsiz və zülm içində yaşamalı olurlar. Onlarla müraciət var, kömək edən yoxdur. Axı deyə bilmərik ki, sığorta etməmisən, edərdin, bizə nə? Ölkəmizdə hələ də sığorta mədəniyyəti formalaşmayıb. Evi yanan ailələrlə bağlı, qərar verilməsi vacibdir. Onların vəziyyətləri çox acınacaqlıdır. Hökumət sığorta ilə bağlı məsələlərə yenidən baxsın, bu günə qədər fəlakətlə üzləşənlərlə bağlı yardım qərarı verilsin. Cənab Baş nazir, sizdən kömək gözləyirik”.

Deputat: "Rusiyada yüzlərlə soydaşımız çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşayır"

Millət vəkili Rusiya-Azərbaycan quru sərhədinin açılması məsələsinə toxunaraq deyib ki, yüzlərlə soydaşımız çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşayır: “Soydaşlarımıza bu münasibət ölkəmizin nüfuzuna ziyandır, vətəndaşlarımızın ləyaqətinin aşağılanmasıdır. Hər bir Azərbaycan vətəndaşına ləyaqətli münasibət ölkəmizin başucalığıdır. Cənab Baş nazir, sizdən quru sərhədlərinin açılması və sərhəddə gözləyən soydaşlarımızın tez bir zamanda ölkəyə gətirilməsini xahiş edirəm”.

“İmişlidə su təchizatı və kanalizasiya layihəsi 2011-ci ildə başlayıb, 2014-cü ildə maliyyə çatışmazlığı ucbatından dayanıb. Hazırda 40 minə yaxın əhalisi olan İmişli şəhərinin çirkab və yağış sularının axıdılmasında ciddi problemlər var. Xahişimiz bu layihənin davam etdirilməsi üçün maliyyə vəsaitinin ayrılmasıdır. İmişlinin 10 kəndində təbii qaz yox idi. Hazırda bir kənd qazlaşdırılıb, digər 4 kənd “Azəriqaz”ın daxili vəsaiti hesabına qazlaşdırılır. Buna görə təşəkkür edirəm. Arazqırağı 5 kənd də qazlaşdırmanı gözləyir, amma əsas xəttdən uzaq olduğuna görə o kəndlərin qazlaşdırılması üçün əsaslı dövlət vəsaiti lazımdır və Sizdən bunu nəzərə almağı xahiş edirəm”.

Müəllif: Anar Bayramoğlu