İl ərzində, orta hesabla qadınlara qarşı 800 zorakılıq faktı olur
Az əvvəl Milli Məclisin gündəliyində yenə də məişət zorakılığı ilə bağlı məsələ vardı. Həm də 2010-cu ildə qəbul olunan müvafiq qanuna yenidən baxılması məsələsi gündəmdədir. Təəssüf ki, ictimaiyyətə tam açıqlanmayan müzakirələrin nəticələri bildirilmir. Bu sahədə bəzi ekspertlər müzakirələrin effektliyinə şübhə ilə yanaşırlar.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova AYNA-ya müsahibəsində belə deyib: “Məlum qanunun icra mexanizmi ilə bağlı millət vəkilləri bəzən QHT-lərlə məsləhətləşməyə getməyə üstünlük vermirlər. Bir neçə dəfə bəzi detallarla bağlı sorğu keçirmişəm. Əgər biz nələrəsə nail olmaq istəyiriksə, bir araya gəlməliyik. Əslində, hər qanun qüvvəyə mindikdən 4 il sonra onun icra mexanizmi ilə bağlı ətraflı monitorinq aparılmalıdır”.
Ekspert, “Məişət zorakılığına qarşı mübarizə” haqqında qanunda boşluq varmı" sualını cavablayarkən bildirib ki, əsas məsələ mühafizə orderi ilə bağlıdır: “Hələ də bu məsələ çözülməyib. İcra hakimiyyətlərində mühafizə orderlərinin verilməsi ilə bağlı problemlər davam edir. Rəsmi statistikada bu say tam göstərilmir. Bir məsələ də vacibdir, burda bizə say yox, mühafizə orderi verildikdən sonra icrası, sonrakı proses də maraqlı olmalıdır".
"Məişət zorakılığı ilə bağlı monitorinq də xüsusi qaydalarla aparılmalıdır, bu sahədə koordinasiya yoxdur deyə, problemlərin həllini tapa bilmirik. Bizim hazırda narahatçılığımızdan biri qadınların öz arasında hüquq bərabərliyi, gender bərabərliyi məsələnə yaxşı baxmayanların olmasıdır. Onlar hələ də kişilərin üstünlüyünün vacibliyini deyirlər. Biz demirik ki, kişilərə rəqib olaq, biz sadəcə qadınların bütün sahələrdə həm sosial, həm iqtisadi bərabərliyini istəyirik. Təəssüf ki, bir eybəcər tendensiya da meydana çıxıb. Qadın hüquqlarını müdafiə edənləri ifrat, radikal feminizmdə təqsirləndirib onlar haqqında müxtəlif pis rəylər yaradırlar. Bu da bizim gördüyümüz işə, maarifləndirməyə mane olur”, - deyə M.Zeynalova vurğulayıb.
Mühafizə orderləri işləyir... Sığınacaq da olsa...
Ölkədə baş verən hər zorakılıq aktında üzümüzü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tuturuq.
Komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elgün Səfərov AYNA-ya açıqlamasında bildirib ki, hazırda qadınlara qarşı cinayətlərin çoxluğu barədə deyilsə də, bu rəqəmlər ötən illə müqayisədə aşağı göstəricilərlərdir. Vəziyyətə gəlincə, zorakılıqla mübarizə işində əsas məsələ vahid ümumrespublika üzrə 24 saat fasiləsiz işləyən “qaynar xətt”lərin təşkil olunmasıdır. Düzdür, komitənin regionlarındakı şöbələrinin bir neçəsində “qaynar xətt” var, amma bu əlaqə forması yetərli deyil. “Qaynar xətt” olsa, burada sosial işçi və psixoloq dəstəyi də nəzərdə tutular".
Komitə rəsmisinin sözlərinə görə, bu il Məişət zorakılığı ilə Mübarizədə Milli Fəaliyyət planı qəbul olunub: “Fəaliyyət Planı problemlə bağlı detallı fəliyyəti nəzərdə tutur. Amma bu sahədə 2015-ci ildən monitorinq komissiyaları iş görür. Məsələ ondadır ki, cəmiyyətdə, ailələrdə zorakılıq qəbul edilir, xüsusən tez-tez ailədə valideynlər tərəfindən övladlara qarşı hər cür zorakılıq olur, onlar məcburən evləndirilir, ərə verilir. Bəzən valideynlər baş verən pis sonluqları Komitənin, cəmiyyətin üzərinə atır. Stereotiplərlə yaşayırıq, ən pisi odur ki, bunun nümunələrini mediada da görürük. Amma zorakılıqla mübarizədə birgə olmalıyıq, bu problemlər bir gündə həll oluna da bilməz. Bəzən nüfuzlu ictimai simalar zorakılığı qınamaq əvəzinə haqq qazandırırlar. Son illər Komitənin yaratdığı məlumat bankında məişət zorakılığına məruz qalmış qurbanlar haqqında ətraflı məlumat var və məlumatların anonimliyi qorunur”.
Mühafizə orderinin tətbiqi məsələsinə gəlincə, ekspert vurğulayıb ki, 2015-ci ildən bəri bu sahədə monitorinqlər aparılır: "Hətta ildən ilə mühafizə orderinin verilmə faktları artır, əslində bu, qanunun işləməsinə dəlalət edir. 2017-cü ildə 34, 2018-ci ildə 21 mühafizə orderi verilib. Mühafizə orderinin tətbiqi ailələrdə bir çox neqativ halların qarşısını alıb”.
Elgün Səfərovun fikrincə, indi ən vacib məsələlərdən biri dövlət qadın sığınacaq mərkəzinin yaradılmasıdır: “Komitə dəfələrlə dövlət qadın sığınacağının yardılması ilə bağlı təkliflərini səsləndirib. Belə bir sığınacaq beynəlxalq standartlarla işləyən məkana çevrilməlidir ki, sabah zorakılıq görmüş qadın, qurban məhkəmədə hakim qərar verəndə həmin yerdə yerləşdirilsin”.
Xatırladaq ki, “Məişət Zorakılığı haqqında qanun 2010-cu ildə qəbul edilib, qanunun ən əsas göstəriicisi zorakılıq görmüş qadınlara mühafizə orderinin verilməsiidr. Mühafizə orderi qadını hansısa zaman kəsiyində qanun çərçivəsində zorakılıq edən kəsdən qoruyur.