Deputat Baş nazirdən xahiş etdi: “Bu məsələyə diqqət edin”

İqtisadiyyat

17.03.2023 - 17:21

Vahid Əhmədov: “Bazarda inhisarçılıq mövcuddur”

“Azərbaycanda bankların kredit faizləri kifayət qədər yüksəkdir. Bu, sahibkarlar üçün problem yaradır”.

AYNA xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı səsləndirib.

Millət vəkili ikinci problem kimi bağlanmış banklardakı əmanətlərdən söz açıb: “Əhalinin kifayət qədər əmanətləri var və əmanətlərin qaytarılmasında ciddi problemlər var. Eyni zamanda, vaxtı keçmiş kreditlərin qaytarılması məsələsi var ki, hesab edirəm ki, Mərkəzi Bank bu problemi həll etməlidir”.

“Bazarda inhisarçılıq mövcuddur. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq Rəqabət Məcəlləsi Milli Məclisə daxil olmayıb. Baş nazirdən xahiş edirik ki, bu məsələyə diqqət etsin. Həm ərzaq, həm də gündəlik tələbat malları, həm də dərmanların qiymət artımı kifayət qədər yüksəkdir. Hiss olunur ki, qiymətlərin artması hələ müşahidə ediləcək. Qiymət artımını nə qədər idxal inflyasiyası ilə əlaqələndirsək də, burada əsas süni qiymət artımının qarşısının alınmasından söhbət gedir”, - deyə V.Əhmədov vurğulayıb.

 

Müəllif: Ayna.az