Yol çığırsız başlamır, yol – ilk addımı atanla başlayır
Uşaqlığım Sədərəkdə keçib. Arxası dağlara söykənən evimiz kəndimizə baxırdı. O illər müharibənin qızğın vaxtlarıydı. Hələ milli ordu yaranmamışdı, amma kənd səngərlərsiz deyildi. Ermənistan tərəfi ilə sərhəddəki səngərləri bizim kəndin öz kişiləri, öz döyüşçüləri qoruyurdu. Atam, əmim, qohumlarımız... Kimdə köhnə ov tüfəngi vardısa, kimdə bir ov bıçağı, hamı yığılmışdı. Keşik çəkirdilər. Gecə-gündüz.
Biz uşaqlar isə arxa cəbhəydik. Kiminin əlində su qabı, kiminin torbasında çörək, bəzən də patron. Gecə-gündüz bir neçə dəfə dağa çıxırdıq. Ayaqlarımız daşa-kəsəyə dəyə-dəyə, dodaqlarımız təpiyərək. Amma qorxmurduq. Qorxu yox idi bizdə. Sadəcə bir duyğu vardı – çatdırmaq.
Dağın başına gedən bir neçə cığır vardı. Amma bir gün görürdün ki, biri özünə başqa bir yol tapıb. Daha qısa, daha sərt, bəlkə də daha təhlükəli bir yol. Biz uşaqlar bəzən bir-birimizə baxıb soruşurduq: “Bu yolu kim açıb?”. Sonra elə olurdu ki, hamımız o yeni cığırla gedirdik. Hər kəs öz açdığı cığırı “öz yolu” adlandırırdı. Vaxt keçdikcə hansı izlə daha çox adam gedirdisə, o cığır bərkiyirdi. Və bir gün yol olurdu.
O vaxtlar anlamırdım. İndi başa düşürəm – bu bir həqiqətdir. Yol əvvəlcədən olmur. Yol – addımla başlayır. Onu açan biri olur. O biri isə onu qoruyur.
Son illərdə bu barədə çox düşünürəm. Və Çölçülərdən eşitdiyim bir deyim yadımdan çıxmır: “Dəlilər cığır açar, ağıllılar onu yola çevirər”.
Tarixdə belə insanlar çox olub. Onların adını əvvəlcə heç kəs ciddiyə almırdı. “O nə danışır axı?”, “bu fikir işə yaramaz”, “dəli-zad deyil ki?” deyirdilər. Amma zaman keçdikcə həmin insanların addımları izə çevrilirdi. O izlərlə başqaları da getməyə başlayırdı.
Fateh Sultan Mehmed haqqında nə qədər danışılıb. Amma gəlin açıq deyək – gəmiləri quru torpaqla dağdan aşırıb dənizə salmaq hər adamın ağlına gələcək şey deyildi. Onun o qərarına bəziləri istehza ilə baxdı, bəziləri qorxdu. Amma o çəkindimi? Yox. Çünki bilirdi ki, bəzən qələbə mövcud yolla gəlmir. Yeni yol açmaq lazımdır.
Çingiz Xan da tayfa başçısıydı. Onun məqsədi sadəcə torpaq almaq deyildi. O nizam yaratdı. Qanun yazdı. Ticarət yollarını qorudu. Bir çoxlarına görə dağıdıcı idi. Amma biz baxsaq görərik ki, o bir sistem qurdu. Öz qaydasını saldı. Cığır açdı, arxası gəldi.
Hannibal Alp dağlarını fillərlə aşdı. Bu nə deməkdir? Ən sərt dağ keçidlərini aşmaq, donmuş torpaqlardan keçmək, qar, çovğun demədən irəliləmək. Çünki qarşı tərəfə çatmağın başqa yolu yox idi. “Yol yoxdursa, demək açılmalıdır” – bu, bir insanın içindəki həqiqi inamın səsidir.
Tomris Xatunu da unutmaq olmaz. O bir ana idi, bir sərkərdə idi, bir xalqın qürur simvolu idi. Qohumları öldürülmüşdü. O geri çəkilmədi. Öz cığırını açdı. O cığır – bir qadının haqq uğrunda çəkdiyi iz – bu gün də yaddaşımızdadır.
Mən bunları sadalamaqla tarix dərsi keçmirəm. Sadəcə demək istəyirəm ki, yaşam bir dağdır. Kimi keçilmiş yolla çıxır, kimi yeni cığır açır. Amma həmişə birisi olur ki, o “birinci addımı” atır. O addım çox vaxt başa düşülmür, bəzən ələ salınır, bəzən lağa qoyulur.
Amma sonra o addım yol olur, dəyərə çevrilir.
Əgər sənin içində bir duyğu yanırsa, əgər bir söz səni rahat buraxmırsa, bir düşüncə qapını döyürsə – bəlkə də sən o “dəli”sən. O cığır açan.
Qorxma. Aç. Get. Amma unutma – sonra sənin arxanca yolundan keçəcək insanlar var. Ona görə də cığır açarkən vicdanınla, sevginlə, xalqına sayğınla addımla.
Yol çığırsız başlamır, yol – ilk addımı atanla başlayır.
Sonra isə o yol başqalarının yaşam biçimini dəyişir və dəyərə çevrilir.
Müəllif: Eltən Törəçi