"Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı müraciət edəcəyəm"
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar Böyük Britaniyanın baş naziri Boris Conson NATO-nun fövqəladə sammitinin çağırılmasını tələb edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirib.
“Bu, qitəmiz üçün fəlakətdir. Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı müraciət edəcəyəm. Mən həmçinin G7-nin digər liderləri ilə danışacağam və mümkün qədər tez bütün NATO liderlərini təcili toplantıya çağıracağam”, - deyə Conson tvitter hesabında yazıb.
Qeyd edək ki, bu gün Avropa İttifaqı liderləri Rusiya Federasiyasına qarşı sanksiyaları təsdiqləmək üçün fövqəladə sammitə toplaşacaqlar. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözlərinə görə, sanksiyaların bəziləri Avropa İttifaqının əvvəllər qəbul etdiyi tədbirlərə bənzəyir. Lakin indi sanksiyalar Rusiya iqtisadiyyatının böyük hissəsini əhatə edəcək.
Xatırladaq ki, fevralın 24-ü səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin Donbassdakı separatçı "respublikalar"ı qorumaq üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb. Dövlət başçısı Rusiya üçün təhlükə yaratmağa cəhd edə biləcək xarici qüvvələrə də müraciət edib. Onun fikrincə, Rusiyaya təhlükə olarsa, cavab dərhal veriləcək.