Çin nüvə silahı ilə bağlı ABŞ ilə əlavə məsləhətləşmələrdən imtina edib

Dünya

02.05.2024 - 13:28

“Çin növbəti görüşdən imtina etdi və təqdim etdiyimiz variantlara aydın cavab vermədi”

Çin keçən ilin noyabrında keçirilən son danışıqlardan bəri nüvə silahlarına nəzarət üzrə ABŞ ilə əlavə məsləhətləşmələrdən imtina edib. AYNA xəbər verir ki, bu barədə “Semafor” portalı ABŞ Dövlət Departamentinin şərhinə istinadən məlumat yayıb.

“ABŞ Prezidenti Co Bayden nüvə və kosmik sahədə əhəmiyyətli münaqişə və ya eskalasiya riskləri ilə mübarizə üçün ağlabatan addımlar təklif etdi. Təəssüf ki, Çin növbəti görüşdən imtina etdi və təqdim etdiyimiz variantlara aydın cavab vermədi”, - Dövlət Departamentinin sözçüsü portala bildirib.

Vurğulanıb ki, Vaşinqton Pekinə ballistik raketlərin buraxılışı ilə bağlı daha tutarlı qarşılıqlı bildirişlər sistemi yaratmağı təklif edib. Bundan əlavə, kosmosun hərbiləşdirilməsinin qarşısını almaq üçün tədbirlər təklif olunub.

Portal Çinin ABŞ-dakı səfirliyinə də sorğu göndərib. Suala cavab olaraq səfirliyin sözçüsü Liu Penqyu bildirib ki, ən böyük nüvə arsenalına malik olan ölkələrin onları əhəmiyyətli dərəcədə azaltması zərurəti Amerika tərəfi ilə dialoq üçün əsas tələblərdən biridir.

Bundan əvvəl ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plumb Rusiya və Çini antikosmik silahlar yaratmaqda və yerləşdirməkdə ittiham edib. Onun sözlərinə görə, Moskva və Pekin “bəziləri yerdə, bəziləri isə orbitdə olan bir sıra antikosmik silahların hazırlanması və yerləşdirilməsi ilə məşğuldur”.

Müəllif: Ayna.az