Cəmiyyətdə cəzasızlıq hiddəti – Qatilin izi ilə

Cəmiyyət

01.07.2024 - 10:16

Həkimlər Klinikalar SEO Xidməti

Kriminalist: “Rusiyada Azərbaycanla müqayisədə 4 dəfə çox, Yaponiyada 6 dəfə az qətl hadisəsi baş verir”

Bu il fevral ayının 13-də Əhməd Əhmədov adlı şəxsin 5 ailə üzvünü qətlə yetirməsi xəbəri cəmiyyətdə şok effekti yaratdı. Təqsirləndirilən şəxs qismində saxlanılan Əhməd Əhmədovla bağlı müzakirələr həmin gündən səngimək bilmir. İstintaqın gəldiyi qənaətə görə, Əhməd hadisələri törədərkən anlaqsız vəziyyətdə olub, bu səbəbdən onun həbsxanaya deyil, məcburi müalicəyə göndəriləcəyi gözlənilir.

Bu məqam cəmiyyətdə qıcıq və qəzəb yaradıb. İnsanlar hesab edirlər ki, hansısa yollarla Əhməd cəzadan xilas olur. Bu cür düşüncədə olan vətəndaşların fikrincə, belə cəzasızlıq mühiti yeni cinayətlərə stumul verir.

Yeni cinayət demişkən, ötən həftə iki qalmaqallı qətl faktı ortaya çıxdı – birində polislər, digərində gənc oğlan qurban getdi. Cəmiyyətdə ciddi rezonansa səbəb olan bu hadisələr bir daha cəzasızlıq və ondan doğan cinayətə həvəs iddialarını gücləndirir.

AYNA mövzu ətrafında kriminalist Teymur Baloğlanovla həmsöhbət olub.

- Son zamanlar hay-küylü qətl xəbərləri gəlir. Sizcə, ölkədə qətl hadisələrinin sayı artıb, yoxsa qətllərlə bağlı xəbərlərin?

- Statistikaya baxdığımız zaman görürük ki, qətl hadisələrinin sayında artım yoxdur. Sadəcə bu faktlarla bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkə platformalarında məlumatlar çox yayımlandığı üçün cəmiyyətin bəzi təbəqələrində bu kimi cinayətlərin sayının artmasına dair fikir yaranır. Statistikaya baxdığımız zaman görürük ki, son illərdə Azərbaycanda qətl faktlarının sayı ümumilikdə 210-220 hadisə arasında dəyişir. Bu isə o deməkdir ki, hər 100 min nəfərə il ərzində təxminən 2.1 qətl hadisəsi düşür. Bunun az və ya çox olmasını da müəyyənləşdirmək üçün dünya üzrə bu xarakterli statistikaya müraciət etmək kifayətdir.

Götürək Cənubi Qafqaz qonşularımız Ermənistan və Gürcüstanı. Belə hadisələr bizimlə müqayisədə Ermənistanda 50% daha çoxdur. Yəni onlarda hər 100 min nəfərə orta hesabla 3 qətl hadisəsi düşür. Gürcüstanda isə qətl hadisələrinin sayı Azərbaycanla müqayisədə 2 dəfə azdır. Yəni Gürcüstanda il ərzində hər 100 min nəfərə təxminən 1 qətl hadisəsi düşür. Digər qonşu ölkə olan Rusiyada isə Azərbaycanla müqayisədə il ərzində 4 dəfə çox qətl hadisəsi baş verir.

Latın Amerika ölkəsi olan Salvadorda törədilən qətl hadisələrinin sayı Azərbaycanla müqayisədə 25 dəfə çoxdur. Amerika Birləşmiş Ştatlarında da il ərzində baş verən qətl hadisələrinin sayı Azərbaycanla müqayisədə 3 dəfə çoxdur. Bu rəqəmlər göstərir ki, Azərbaycanda qətl hadisələrinin sayı bəzilərinin düşündüyü kimi əhalinin sayına nisbətdə elə də çox deyil. Doğrudur, Azərbaycanla müqayisədə qətl hadisələri sayının qat-qat az olduğu ölkələr də var. Belə ölkələrdən Yaponiyanı göstərmək olar. Orada il ərzində baş verən qətl hadisələrinin sayı bizim ölkə ilə müqayisədə 6 dəfə azdır.

- Cəmiyyətdə belə düşünənlər var ki, hüquq-mühafizə orqanları qətl törətməkdə şübhəli bilinən şəxsi hansısa yollarla günahsız çıxarırlar, cəzasızlıq mühiti formalaşır və bu da yeni cinayətlərə yol açır. Vətəndaşlarda belə düşüncənin yaranmasının səbəbi nədir?

- Uzun illərin təcrübəsinə əsaslanaraq əminliklə söyləyə bilərəm ki, Azərbaycanda hüquq-mühafizə orqanları qətl hadisələrinə daim barışmaz mövqe tutub. Belə hadisələr cəmiyyətdə ağır cinayət, böyük təhlükə yaradan hadisələr olduğu üçün, hər bir konkret halda törədilən qətl faktı ilə bağlı hüquq-mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi və prokurorluq bütün qüvvələrini səfərbər edir, cinayətin üstünün açılmasını sürətləndirirlər. Cinayətkar müəyyən edildikdə isə onun ciddi şəkildə cəzalandırılmasını təmin edirlər.

Son illərin qanunvericilik praktikasına əsasən demək olar ki, qəsdən törədilən adamöldürmə cinayətlərinə görə cinayəti törətmiş şəxslərə qarşı cəza siyasəti də sərtləşdirilib. Hazırda belə cinayətlərə görə təyin olunan cəzalar əvvəlki illərlə müqayisədə daha sərtdir və bu cəzalar bir qayda olaraq azadlıqdan məhrumetmə cəzası kimi 14-15 ildən yuxarı, hətta ömürlük cəza olaraq təyin edilməkdədir. Son dövrlərdə baş verən və səs-küyə, cəmiyyətin bəzi nümayəndələrinin təşvişinə, həyəcan və qorxusuna səbəb olan hadisələr hamı kimi məni də narahat edir.

- Məsələn, cəmiyyətdə belə hesab edənlər var ki, Əhməd Əhmədovun ruhi xəstə kimi xəstəxanaya yatırılması onun cəzasız qalması demək olacaq. Buna oxşar faktlar da mövcuddur...

- Mətbuatdan da məlum olduğu kimi Əhməd Əhmədov barəsində məcburi tibbi xarakterli tədbirlərin görülməsi üçün barəsindəki cinayət işi məhkəməyə göndərilib. Bunun Əhməd Əhmədovun cəzasız qalmasına gətirib çıxaracağı ilə bağlı fikirlər yanlışdır, çünki əslində belə deyil. Əhməd Əhmədovun cinayət məsuliyyətindən azad olunmasına dair qərar qəbul edilməyib. Sadəcə onun barəsində qərarın icrası mümkün olmadığı üçün onun məcburi psixiatrik tədbirlərə cəlb olunması barədə qərar qəbul edilib. Məcburi psixiatrik müalicə Əhməd Əhmədov kimi cinayətdə təqsirləndirilən şəxslər barəsində həyata keçirilərkən qapalı yerdə olur. Orada belə ruhu xəstələrə qarşı çox ciddi nəzarət olur və onlar barəsində məcburi müalicə tədirləri həyata keçirilir.

- Məcburi müalicə tədbirləri müsbət nəticə verərsə, o zaman proses necə davam edir?

- Bu halda cinayət törətmiş şəxs sağalarsa, hadisələrə adekvat qiymət verməyi bacararsa, həmin şəxs barəsində işlər yenidən məhkəməyə göndərilir və onun barəsində törətdiyi cinayətə görə konkret cinayət cəzasının tətbiq olunması barədə qərar verilir. Əhməd Əhmədov olayı xarakterli cinayətlərdə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Ona görə də Əhməd Əhmədovun cəzasız qalması və ya qalacağı ilə bağlı cəmiyyətdə mövcud olan fikirlərin heç bir əsası yoxdur.

- Nə üçün belə cinayətlər baş verir, onların qarşısını almaq mümkün deyilmi?

- Baş vermiş cinayətə gətirib çıxaran səbəblərin, halların araşdırılması ağır cinayəti araşdıran istintaq orqanının, onun təmsilçisinin üzərinə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 221-ci maddəsi ilə qoyulmuş bir vəzifədir. Yəni bu vəzifə imperativ norma kimi qanunvericilikdə öz əksini tapdığı üçün onun həyata keçirilməsi müstəntiqlər üçün məcburidir. Müstəntiqlər istintaqı həyata keçirərkən şübhəsiz ki, hadisənin baş verməsinə səbəb və şəraitin araşdırılmasına da diqqət göstərirlər. Eyni zamanda istintaq orqanları səbəb və şəraiti araşdırarkən konkret şəxslərin həmin hadisədə cinayət xarakterli əməllərini aşkar edərsə, onları da baş vermiş cinayətə görə məsuliyyətə cəlb edirlər. Əgər onlar vəzifəli şəxslərdirsə, məsələn, sahə müvəkkilinin cəmiyyətə, qanuna zidd hərəkətləri barədə məlumatı olubsa və ona qarşı profilaktik tədbirlər həyata keçirməyibsə, bu halda hətta vəzifəli şəxsin Cinayət Məcəlləsinin 308-ci maddəsi, yəni vəzifədən sui-istifadənin ağır nəticələrə gətirib çıxarması ilə bağlı məsuliyyətə cəlb edilməsi mümkündür. Digər halda müstəntiq həmin səbəblərin və şəraitlərin aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına, təşkilatlara gələcəkdə belə hadisələrin baş verməməsi üçün vacib tədbirlərin həyata keçirilməsi naminə təqdimatla müraciət edir.

- Sizcə, aparılan tədbirlər nə dərəcədə səmərəlidir və cəmiyyət özü bundan nə qədər məlumatlıdır?

- Bu sahədə boşluqlar var. İstintaq orqanları bu cür tədbirlərin həyata keçirilməsi ilə bağlı cəmiyyəti məlumatlandırmalı və bunun üçün bütün imkanlardan istifadə etməlidir. Bu imkanlar sırasında vəzifəli şəxslərin yaşayış yerlərində, müəyyən kollektivlərdə görüşlər keçirməsinin və ya sosial platformalar üzərindən məlumatlandırmanın həyata keçirilməsinin müsbət nəticə verə biləcəyini düşünürəm. Bu zaman cəmiyyətdə istintaq orqanının fəaliyyəti barədə həqiqətə uyğun olmayan fikirlərin formalaşmasının qarşısını almaq mümkün olar.

Müəllif: Banu Çiçək

Marqara

Dünən, 22:18 Xəbərlər