"Bu qədər satqınlıq, bu qədər xəyanət olar?!" - Milli Məclisdə MÜZAKİRƏ

Aktual

16.09.2022 - 18:10

Komitə sədri: "Bu gün içimizdə sapı özümüzdən olan baltalar var ki, ermənilərə yas tutur"

Deputat: "Dövlətin təhlükəsizliyi üçün təhdid yaradanlar haqqında qanunun ən sərt üzü göstərilməlidir"

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. İclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik müzakirə olunub.  Qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.

Qanun 6.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: doğum haqqında şəhadətnamənin surəti, ailə tərkibi haqqında arayış, təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün), təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış, tərcümeyi-hal, 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.

"Bu çəkilişlər düşmənə koordinasiyanı müəyyən etməyə imkan verir"

Müzakirə zamanı komitənin üzvü, deputat Bəxtiyat Sadıqov deyib ki, döyüşdə çəkiliş edilməməsi üçün qanunda dəyişiklik olmalıdır: "Döyüş əməliyyatlarına və posta gedən hərbçilərin mobil telefon və ya hansısa çəkiliş aparatının olması yolverilməzdir. Biz bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təşəbbüslə çıxış etməliyik".

"Son təxribatlar zamanı hərbçilərin videoçəkilişlər edib yaydığı müşahid olunub. Bu çəkilişlər düşmənə koordinasiyanı müəyyən etməyə imkan verir. Hesab edirəm ki, bu cür çəkilişlər yolverilməzdir və bunun qarşısının alınması üçün qanunvericiliyə mümkün dəyişiklik etməliyik”, - deyə millət vəkili vurğulayıb.

"Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın"

Komitə sədri Ziyafət Əsgərov isə Ermənistanla sərhəddə təhlükəsizlik zonasının yaradılması barədə danışıb: "Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.

"Ermənistan hər zaman təxribatlara əl atır. Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa cür hərəkət edir”, - deyə Z.Əsgərov vurğulayıb.

"Azərbaycan münaqişənin bitdiyini desə də, hər zaman orduya hazır vəziyyətdə olmaq tapşırılıb. Bu gün içimizdə sapı özümüzdən olan baltalar var ki, ermənilərə yas tutur, Azərbaycanı Ermənistan ərazisinə girməkdə ittiham edirlər. Bu qədər satqınlıq olar? Bu qədər xəyanət olar?! İnana bilmirsən ki, bu insanlar doğrudan da Azərbaycan vətəndaşıdır. Azərbaycan Ermənistanın təxribatlarına cavab verib. Narahat olanlara bir daha deyirəm ki, Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur", - komitə sədri əlavə edib.

"Oturublar, ağıllarına gələni danışırlar"

Deputat Elman Məmmədov isə dövlət əleyhinə danışanlara qarşı sərt tədbirlər görülməsini təklif edib. Millət vəkili bildirib ki, ölkə daxilində bəzi dairələr dövlətin təhlükəsizliyinə qarşı fikirlər səsləndirir: "Həmin şəxslərə qarşı sərt addımlar atılmalıdır. Oturublar, ağıllarına gələni danışırlar. Xaricdə oturanları başa düşdük, onları həbs etmək bizim səlahiyyətimizdə deyil. Yaxşı, bəs Azərbaycanın daxilində oturanlar niyə həbs edilmir? Dövlətin təhlükəsizliyi üçün təhdid yaradanlar haqqında qanunun ən sərt üzü göstərilməlidir". 

Müzakirələrdən sonra qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib. 

Müəllif: Anar Bayramoğlu