Ermənistanın dağ-mədən sənayesi ciddi zərər görür - <font color=red> TƏHLİL</font>

Aktual

18.10.2020 - 19:01

“Savaşın davam etdiyi 3 həftə ərzində Ermənistan iqtisadiyyatı təkcə dağ-mədən sənayesində 20 milyon dollardan çox zərər edib”

 

Ermənistanın mədən sənayesi ölkənin milli iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biridir. Bu ölkə dəmir, mis, molibden, qurğuşun, sink, qızıl, gümüş, antinomiya və alüminiumla zəngindir, dövlət reyestrində hazırda 670 mineral (o cümlədən 25-dən çox metal mədəni) mədəni qeydə alınıb. Mədənçıxarma sənayesi 2019-cu ildə ÜDM-in formalaşmasında 2,8 faizlik paya malik olub. Bundan əlavə, bu sənaye ölkə ixracının əhəmiyyətli bir hissəsini təşkil edir.

 

AYNA xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktorunun müavini Ramil Hüseynin mövzu ilə bağlı şərhində yer alıb. Ekspert qeyd edib ki, 2019-cu ildə Ermənistanın cəmi ixracının dəyəri 2,6 milyard ABŞ dolları olub, bunun 16 faizini - 415 milyon dollarını qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatların ixracı təşkil edib. Burada əsasən 710813 kodu üzrə qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftillər və profillər, lövhələr, təbəqələr və digərləri təşkil edib. 2019-cu ildə mis və ondan hazırlanan məmulatların ixracı azalıb, alüminium və ondan hazırlanan məmulatların ixracının dəyəri 100 milyon dollar olub. Qara metalların ixracının dəyəri isə 150 milyon dollar təşkil edib.

 

“Göründüyü kimi, qiymətli və az qiymətli metallar və onlardan hazırlanan məmulatlar Ermənistanın ixracının dörddəbirindən çoxunu təşkil edir. Təkcə son 5 ildə mədən sənayesinin ixracından Ermənistana gələn valyutanın həcmi orta hesabla hər il üçün 500 milyon dollardan çox olub. Bu da onu göstərir ki, həmin sənaye Ermənistana valyuta gətirən önəmli sahədir. Məhz Rusiyadan sonra Ermənistanın əsas ixrac tərəfdaşının İsveçrə olması da bununla bağlıdır. Metal filizləri və konsentratlarının istehsalı bu sektorun istehsal dəyərinin təxminən 98 faizinə bərabərdir”, - deyə İcraçı direktorunun müavini hesab edir.

 

Onun sözlərinə görə, cari il sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı təcavüzünə cavab olaraq ordumuzun başladığı əks-həmlə əməliyyatı bu ölkənin dağ-mədən sənayesinin çöküşünü sürətləndirib. Belə ki, təkcə Azərbaycanla sərhəddə yerləşən “Sotk” qızıl mədəninin tamamilə dayanmasının ümumilikdə ölkənin dağ-mədən sənayesinin istehsalına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir: “Məlumat üçün qeyd edək ki, “Sotk” Ermənistanın ən böyük qızıl mədənidir. Bu mədən Azərbaycanla sərhəddə yerləşir. Ermənistan tərəfi “Sotk” mədəni ilə yanaşı, həm də qanunsuz olaraq Azərbaycan ərazisindəki “Söyüdlü” – “Zod” qızıl mədənini də istismar edir. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Murovdağ zirvəsi azad olunmasından dərhal sonra Ermənistan “Sotk” mədənində işləri dayandırdığını bildirib. Bununla yanaşı, Ermənistanda hərbi səfərbərliyin başlaması və ölkənin digər mədənlərində də işlərin yavaşlamasına səbəb olub. Çünki mədənlərdəki işçi qüvvəsi əsasən kişilərdir və onlar səfərbərlik çərçivəsində orduya cəlb olunurlar. İlkin hesablamamıza görə, savaşın davam etdiyi 3 həftə ərzində Ermənistan iqtisadiyyatı təkcə dağ-mədən sənayesində yaşanan problemlər səbəbindən təxminən 20 milyon dollardan çox zərər edib. Təbii ki, bu azalma məhz həmin sektor üzrə ixracın da geriləməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Eyni zamanda, unutmayaq ki, dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətlər ölkənin iri vergiödəyiciləridir və bu sahədə istehsalın geriləməsi Ermənistanın dövlət büdcəsinin gəlirlərinin azalmasına da səbəb olacaq”.

Müəllif: Ayna.az