Bu il 87 əcnəbi tələbə dövlət hesabına təhsil alacaq

Xəbərlər

23.09.2022 - 13:04

Xarici vətəndaşların müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesi həyata keçirilib

Dövlət hesabına təhsil alması üçün əcnəbi vətəndaşların müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesi həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş təhsil qrantı proqramları çərçivəsində 20 nəfər İslam Əməkdaşlıq Təşkilatı və 20 nəfər Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşı, həmçinin hökumətlərarası saziş çərçivəsində təhsil alması üçün 41 nəfər Çin, 1 nəfər Tacikistan, 5 nəfər Qazaxıstan vətəndaşının müraciəti dəyərləndirilib. Yaxın günlərdə həmin 87 əcnəbi tələbələrin tədrisə başlaması gözlənilir.

Əcnəbi tələbələrin vaxtında təhsil yerinə gəlişinin təmin olunması məqsədilə ali təhsil müəssisələri tərəfindən əcnəbi vətəndaşların hazırlıq kursları istisna olmaqla, digər təhsil səviyyələrinə qəbulu üçün son tarix 30 sentyabr müəyyən edilib. Hazırda qəbul prosesi yerli ali təhsil müəssisələri tərəfindən davam etdirilir.

Müəllif: Ayna.az