Bu gün, ya heç vaxt…

Aktual

06.01.2022 - 12:51

Türkiyə bu sabah Tokayevə tələblər qoymalıdır

Türkiyə şokdadır. Türkiyə Tokayevin KTMT-yə belə tez, bu qədər qorxaqca müraciət edəcəyini gözləmirdi.

Gözləmirdi, ancaq etiraf edək ki, heç özü də bir şey eləmədi. Nə bir bəyənat verdi, nə də heç olmasa, küçələrdəki qazaxları sakitliyə, bankları və mağazaları yağmalamaqdan qaçınmağa çağırdı.

Türkiyə Cumhuriyyət tarixinin bəlkə də ən yorğun, ən bitab dövrünü yaşayır.

İqtisadi problemlər, dörd tərəfinin atəş çəmbəri içində olması, bir tərəfdən "tülkü" Qərb, bir tərəfdən "qoca" Şərq, yuxarıdan rus, aşağıdan ərəb və PKK...

Hansı birini deyəsən.

Yorğun Türkiyə 4 yerə paralana bilmədi, nəfəsi çatmadı.

Tokayev nə Erdoğanla məsləhətləşdi, nə də müttəfiq saydığı Türk Dövlətlərinin liderləri ilə. O, Nazarbayevin dediyini elədi.

O Nazarbayev ki, 81 yaşında bütün Türk Dövlətlərinin Ağsaqqalı kimi qalacaqdı tarixdə, ELBASI – Elin Obanın Atası kimi…

Ruslar Ukraynaya girəcəkdi, Qazaxstana girdilər.

Bu, Qazaxstanın müstəqilliyinin itirilməsi və ya Rusiyaya bağlanması deyil. Bunu Moskva istəsə də edə bilməyəcək.

9 min kilometrlik sərhəddi olan qonşusunun torpağına bütün Rusiya Ordusunu belə yeritsə, buna nail ola bilməyəcək.

Moskva da yorğundur, amma o, Türkiyədən fərqli olaraq tükənir. Resursları ilə, insan gücü ilə, düşdüyü bataqlıqlardakı çabaları ilə.

Və indi ruslar və belaruslar guya Qazaxstana əminamanlıqmı gətirəcəklər?

Erməni əsgərlərimi girəcək Turan torpaqlarına?

Nədir məqsədləri?

SSRİ-ni bərpamı etmək? 

Nə üçün?

Bunlar ritorik suallar deyillər.

Cavab istəyirlər.

Və ya…

Tokayevin KTMT-yə müraciətinə çoxmu sevindilər?

Belarus xirtdəyinə qədər problemin içindədir.

Əmin olun ki, ruslar qazax gəncliyindən çəkinirlər.

Qazaxstan postsovet məkanında ən gənc əhalisi olan ölkədir.

Hamısı oxumuş, on minlərlə xaricdə təhsil almış yeni nəsli var.

Dünən Almatıda mağazaları yağmalayanlar deyil qazax gəncləri.

Provokatorlar, KTMT-nin senarisini yazanların yetişdirdikləridir, 5-ci kolondur.

Mənim dediyim gənclik ana dilini bayraq edən yeni nəsildir. Onların təslim olacaqlarınımı sanırsınız?..

Basmaçı hərəkatını təkrar-təkrar oxumaq lazımdır...
Ankaranın dövrəyə girməsini gözləyirəm. Tokayevə desin ki, “Simonyanın şərtlərini qəbul etmə!”. Ankara desin ki, “Qəbul etsən hər şeyə xəyanət etmiş olacaqsan – Müstəqilliyinə, xalqına, gəncliyinə, qazax xalqının gələcəyinə”.

Tokayev bu şərtləri rədd edərmi?.. Rədd etməsi üçün Türkiyə bu sabah Tokayevə tələblər qoymalıdır.

Bu sabah,

Bu gün..

Bu gün ya heç vaxt…

Müəllif: İbrahim Nəbioğlu