Təbii fəlakət xeyli sayda insanın həyatına son qoyub
Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 136 nəfərə çatıb. Onlardan 22-si azyaşlıdır.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zamanı 216 nəfər itkin düşüb.
Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub. 80 yaşayış binasına ziyan dəyib, onlardan azı 54-ü tamamilə dağılıb. Çərşənbə axşamı altı saat ərzində 260 mm yağıntının düşdüyü (aylıq normadan çox) şəhərin hakimiyyəti matəm və fövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, fevralın 15-də Rio-de-Janeyronun dağlıq bölgəsi olan Petropolisdə yağan güclü yağışdan sonra şəhərin hündür yerlərində torpaq sürüşmələr baş verib, küçələr, parklar, bazarları su basıb, avtomobil və avtobuslar su altında qalıb.