“Bizim sözümüzə reaksiya verən qurum tapılmadı” – PREZİDENT

Siyasət

18.03.2023 - 14:16

İlham Əliyev: “Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi”

“Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdü”. AYNA xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

“Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir. Biz bunu heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident qeyd edib ki, otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq: “Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı. Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. İndi İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində əldə edilmiş yeni məlumatlar bunu bir daha təsdiqləyir”.

“Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”, - deyə Azərbaycan lideri əlavə edib.

“Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər”, - Prezident vurğulayıb.

Müəllif: Ayna.az