Bizə gün ağlayan yoxdur, öz günümüzə ağlayaq – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

28.07.2020 - 10:22

Biz cəmiyyətin vicdanıyıq – cəmiyyət nə gündədirsə, vicdanı da elə o gündə olur

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

İşlədiyim mətbuat orqanlarından birinə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələri praktikaya gəlmişdilər. 12 nəfərlik heyətlə rəhbərliyin göstərişi ilə görüşdük və söhbətləşdik. Onlara dedim ki, “uşaqlar, kim jurnlist işləyəcəksə, gəlsin, ona kompüter və təcrübəli bir jurnalisti təhkim edək ki, peşəsini püxtələşdirsin, kim istəmirsə, getsin, ayın sonunda kitabçalarına qol çəkiləcək”. Uşaqlar bir-birilərinə baxdılar, yalnız iki nəfəri “istəyərdik” dedi. Amma onlar da bir gündən sonra itdilər.

 

O zaman çox əsəbləşmişdim ki, peşənin maraqlılığı bir yana qalsın, niyə bizim gəncliyimizin tələbələrindən fərqli olaraq, indikilər işləmək, heç olmasa, tələbəçilik dövünün maliyyə yükünün bir hissəsini öz üzərlərinə götürmək istəmirlər. Axı, biz yaxşı yazılara qonorar da verəcəkdik. Amma indi, o tələbələrin haqlı olduqlarını etiraf edirəm. Elə düz edib, gəlməyiblər. Gəlib, nə edəcəkdilər ki?!

 

Bu fikirlərin niyə mənim ağlıma indilərdə gəldiyini soruşsanız, izah edə bilərəm. Çox böyük səbrlə pandemiya dövründə Azərbaycanda jurnalistika gününün necə keçiriləcəyini müşahidə etmək qərarına gəldim. Söhbət təkcə pandemiyadan da getmirdi: post-Həsənov dövründə ilk dəfə idi ki, jurnalistika gününün fərqli keçəcəyini düşünürdüm. Bu 145 illik bayram həm də Həsənovun getməsindən sonra keçən bu 7 aya, sanki bir keyfiyyət qiymətinin verilməsi idi mənim üçün.

Milli Mətbuat – 145 |

Amma elə bayram günü bir həmkarımla birgə yerli sənayemizin alkoqol məhsullarından birini qarşımıza qoyub, hansısa keçən günləri kədərlə xatırlamaqla yanaşı, bu 7 ayda nəyin dəyişdiyini də müzakirə etməyə başladıq. Gəldiyimiz qənaət heç də ürəkaçan deyildi.

 

Məlum oldu ki, bu jurnalistika günü o birilərindən də sönük keçdi. Əgər aralarında tanıdığım və hörmət etdiyim 5-10 şəxsin də adı olan təltiflər siyahısını saymasaq, 145 illiyimiz demək olar ki, keçirilmədi. Söhbət bir çox jurnalistin gözlədiyi mənzillərin verilməməsindən də getmir. Biz bu bayramı hiss etmədik.

 

Biz - qələm əhli sıralarımızda olan professionallar və naşılar qarışıq, Azərbaycan cəmiyyətinin bir hissəsiyik. Ola bilər ki, rayonlardakı uşaq bağçalarını gəzərək, 10 manat pul alan “həmkarlarımız” peşəmizin imicinə ağır zərbə vurub, amma hamını bir tutmaq olmaz axı. Bu peşəyə illərini verən, həqiqət axtarışı zamanı təklif edilən rüşvətdən imtina etmiş onlarla həmkarımı fəxrlə xatırlayıram. Bu gün müharibə gedən bir dövlətdə jurnalistlərimiz peşəmizin ümdə sütunlarından birini patriotizmə çevirərək, informasiya müharibəsinin əsgərləridir.

 

Peşə bayramları günündə polislərə, hərbçilərə, həkimlərə, müəllimlərə müxtəlif güzəştlər edilir: banklar faizsiz kredit verir, xəstəxanalar pulsuz müayinə edir, nə bilim, telefon satışı şirkətləri qiməti xeyli salır və s. Amma biz jurnalistlərə bunların heç biri şamil edilmir. Həmkarlarımız adi bank kreditinin belə, bizə hansı zülmlə və faizlə verildiyini yəqin ki, yaxşı bilirlər. Bizim cibimizdə gəzdirdiyimiz vəsiqənin, etiaf edək ki, işlədiyi yeganə dövlət qurumu dövlət yol polisidir. Nə qədər tənqid etsək də, təkcə “QAİ”lərdən anlayış görürük.

 

Hazırki Azərbaycan jurnalistikası şikəstdir. Çox nadir hallarda hadisə yerində olan, reportaj hazırlayan bir qələm əhli görərsən. Hamı oturub sosial şəbəkədə və digər resurslardan “copy-paste” etməklə məşğuldur. Azərbaycanda nə baş verdiyini anlamaq üçün bircə sayta baxmaq kifayət edir. Onsuz da hamı bir-birini təkrarlayır.

 

Amma bütün bunlara baxmayaraq, bir hadisə baş verəndə orada birinci biz oluruq: insident iştirakçılarının qohumları tərəfindən təhqir olunsaq da, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində işimizə maneçilik törədilsə də, biz öz işimizi görməyə çalışırıq. Hamı bizi söyür: burnumuzu hər yerə soxmaqda, iqtidara, müxalifətə, daha nə bilim kimə işləməkdə, sifariş icra etməkdə, qeyri-peşəkarlıqda və sair.

 

Bizə bir növ, tortun üzərinə qonan zəhlətökən milçək, aşağı səviyyəli adamlar kimi yanaşırlar. Kimsə bu sözlərə etiraz edə bilər, amma fakt faktlığında qalır. Və kiminsə quyruğu qapı arasında qalanda, o dəqiqə də biz yada düşürük. Jurnalistə “konkret rədd ol” deyən nazir Əli İnsanovun məhkəmə zamanı bizim peşəyə necə yarınmağı da hamının yadındadır, məncə. Biz cəmiyyətin vicdanıyıq – insan (cəmiyyət) nə gündədirsə, vicdanı da elə o gündə olur.

 

Bu yubileyimiz də belə keçdi. Səhər açılacaq və biz yerli istehsalın yerli “suşnyakına” qarşı bir ziyanlı energetik içki alaraq, iş yerimizə gedib, kompüteri yandıracağıq. Və başlayacağıq “bu cəmiyyətin niyə bu gündə olmasını necə yazaq ki, nə şiş yansın, nə kabab” fikirləri ilə klaviaturanı döyəcləməyə. Ötən 145 ili demirəm, amma son 7 ayda demək olar ki, heç nəyin dəyişmədiyini, hətta saytlara Həsənov dövründəki kimi gündəlik “yuxarıdan” tezislər gəldiyinə içimizdə etiraz edəsi olsaq da, işimizin başında olacağıq. Ona görə ki, cəmiyyətdə heç olmasa, bir şəxsin pozulmuş hüquqları qorunsun, düşmənimiz infromasiya savaşında bizim də səsimizin gəldiyini eşitsin.

 

Nə olsun ki, ayın sonunda yubileylə əlaqədar az da olsa, mükafat gözləsək belə, elə eyni maaşı alacağıq? Axı biz əsgərik - Vətənin, cəmiyyətin, dövlətin onlardan nəsə gözləyəndə utandırılan, ittiham edilən, amma həmişə hədəfdə olan əsgəri!

 

Qədəhini götür, dostum! Praktikaya gələn o uşaqlar düz elədilər, aradan çıxdılar. Niyə də gəlsinlər ki? Axı niyə?!

Müəllif: Yoldaş Mircəfər