Bir həftəsi bir manata: az qazanclı, çox faydalı

Mədəniyyət

11.12.2021 - 22:40

“Pion book” layihəsinin rəhbəri: “Dedi ki, “hərbi xidmətə gedirəm, məzuniyyətə gələndə kitabı qaytaracam”, qaytarmadı...”

Bu gün bir çox gənc öz işini qurub, sərbəst şəkildə işləməyi arzulayır. Bəziləri öz arzularını gerçəkləşdiriblər artıq, yaxud da hədəfə çatmağın bir addımlığındadırlar.

AYNA-nın həmsöhbəti Xanımzər Abbasəliyeva hələ tələbə vaxtından fərqli biznes quraraq, həm gənclərin maariflənməsinə yardımçı olur, həm də pul qazanır. O, hazırda “Pion book” layihəsinin rəhbəridir. Beləliklə:

- “Pion book” layihəsinə necə başladınız?

- Özüm kitabsevər gənclərdən biriyəm. Məktəbli olandan mütaliə edirəm. Universitetə daxil olduqdan sonra kitablarımı oxumaq üçün tələbə yoldaşlarıma verirdim. Hər ay aldığım tələbə təqaüdü ilə yeni kitablar alırdım. Bəzən isə təəssüf ki, almaq istədiyim kitablar baha olurdu və onları almaq üçün növbəti ay təqaüdümü alana kimi  ertələyirdim. Daha sonra düşündüm ki, niyə bunu biznesə çevirməyim?!

- Tələbə vaxtı ayda neçə ədəd kitab alırdınız? Təqaüdün nə qədərini kitaba xərcləyirdiniz?

- Ayda 2-3 ədəd kitab alırdım. Bəzən isə endirim kampaniyaları olurdu, mənim də daha çox kitab almaq fürsətim yaranırdı.

- Aldığınız kitablar əsasən hansı mövzularda olurdu?

- Daha çox psixoloji, fərdi inkişaf, daha sonra biznes, marketinq sahəsi ilə bağlı kitablar oxumağa başladım. Hətta bu biznesi qurmaqda mənə Robert Kiosakinin “Varlı ata, kasıb ata” kitabının da təsiri oldu. Tələbəlik illərinin sonunda isə daha çox romanlara üstünlük verməyə başladım.

- Bu biznesə başlamaq çətin deyildi?

- Əlbəttə ki, müəyyən çətinlikləri var idi. Dərsdən öncə və dərsdən sonra müxtəlif metrostansiyalarda çatdırılma edirdim, həm dərs kitablarım, həm müştərilərə çatdırmalı olduğum kitablar ağırlıq edirdi, bəzən isə kirayədən qayıdan kitabları da təhvil alırdım. Amma səbrlə yanaşırdım işimə. Hər şeydən öncə işimi sevirəm, oxucularla ünsiyyətdən zövq alıram.

- Biznesə neçə kitab ilə başladınız?

- Biznesimə başlayanda cəmi 50 kitabım var idi. Sonra hər ay soruşulan kitabları alaraq kitabxanamı daha da zənginləşdirdim. Bu gün 400-dən çox kitabım var.

- İlk gəliriniz nə qədər oldu?

- Bu biznesdən ilk gəlirim 49 manat olub. İlk gəlirimi qazananda çox sevinmişdim.

- Heç olub ki, müştəri kitabı götürüb qaytarmasın?

- Bir oxucu olub, o da hərbi xidmətə yollanırdı. Mənə bildirmişdi ki, kitabı qaytara bilməsə, məzuniyyətə gələndə qaytaracaq. Beləliklə, kitabı qaytarmadı.

- Hansı kitablara ən çox tələbat var?

- Tarixi, fəlsəfi, kitablara maraq yoxdur.  Fərdi inkişaf, motivasiya, psixoloji mövzularda olan kitablara daha çox maraq var. Bir də dedektiv janrda yazılan romanlara. Məsələn, Elxan Elatlının bütün kitabları çox tələb olunur.

- Yaxın illərdə məqsədiniz nədir?

- Yaz aylarında bir tədbir təşkil etməyi düşünürəm. Kirayə kitab xidmətindən yararlanan oxucularla görüşüb faydalı vaxt keçirmək, kitablar haqqında müzakirə aparmağı fikirləşirəm. Yaxın tarixlərdə planım budur. Gələcək illər üçün isə əgər kirayə kitab biznesim daha da genişlənsə, bir məkan açıb, oradan biznesimi idarə etməyi düşünürəm.

- Kiçik biznes olsa da, gəlir götürə bilirsiniz?

- Bu sahədə qazanc çox zəifdir. Düşünün, oxucu bir kitabı 1 həftə oxumaq üçün 1 manat pul ödəyir. Amma düşünəndə ki son zamanlar kitabların qiyməti qalxıb, kitabı almaq bir çoxunun büdcəsinə uyğun gəlmir və kirayə həmin kütlə üçün olduqca sərf edir. Kitab oxuyanların sayının artması, cəmiyyətdə dünyagörüşlü, fikirləri tam formalaşmış kütlənin çoxalması məni daha çox sevindirir. Gəlir az olsa da, ən azından sevinirəm ki, kitab oxumaq istəyib, amma həmin kitabı ala bilməyənlər “Pion Book”a müraciət edir və 1 manatla həmin ala bilmədiyi kitabı əldə edib rahatlıqla oxuyur. Bunun verdiyi xoşbəxtlik hissi mənə bəsdir. 

- Son illər kitab oxumağa maraq artıb, yoxsa azalıb?

- Kitab oxuyan gənclər var. Ötən illərə nəzər saldıqda fərq də var. Artıq bir çox gənclər sosial hesablarda oxuduqları kitabların analizi ilə bağlı paylaşımlar edirlər. Bir çox gənc hal-hazırda “book bloger”lik edir.

Müəllif: Təranə Xudabaxşiyeva