Pandemiya dövründə sığınacaqlara üz tutanlar var və onların hamısını qəbul etmək mümkün deyil
Pandemiya dövründə həssas təbəqələrin xüsusi dəstəyə ehtiyac var. Məsələn, qadın və uşaq sığınacaqlarına yerləşdirilmiş şəxslərin. Hazırda belə sığınacaqların və onların sakinlərinin durumu nə yerdədir? Bu dönəmdə sığınacaqlara müraciət edənlər, belə bir vəziyyətdə övladını sığınacağa yerləşdirən valideynlər varmı? Yaxud da sığınacağa xəbər vermədən küçələrə atılan uşaqlar varmı ki, sonradan həmin uşaqlar sığınacaqlara təhvil verilirlər?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın AYNA-ya dediyinə görə, hazırkı mərhələdə küçəyə atılan uşaqlara rast gəlinmir: “Sadəcə, elə ailələr var ki, uşağı baxımsız qoyur. Belə vəziyyətdə olan iki uşağımız var. Həmin uşaqları akt vasitəsilə valideynlərindən götürüb, sənədlərini hazırlayıb dövlət müəssisəsinə təqdim edəcəyik. Çünki valideynin asılılığı var. Digərinin isə həyat yoldaşı uşağı qəbul etmir deyə onun sənədlərini də hazırlayırıq ki, onu da harasa yerləşdirə bilək”.
Zeynalova əlavə edib ki, zorakılığa məruz qalmış qadınlardan da müraciətlər daxil və onlara dəstək verilir. Sığınacaqda ərzaq təminatına gəldikdə, müsahibimiz bildirib ki, bu sahədə vəziyyət pis deyil: “Amma ərzaqlardan qənaətlə istifadə etməyə çalışırıq. Vəziyyət elədir ki, dəstək verənlər də yoxdur. Ümumiyyətlə, bu baxımdan çətinlik yaşanır. Ona görə də qənaətlə bu dövrü yola veririk. Ancaq vəziyyətin kritik olduğunu görsək, Heydər Əliyev Fonduna müraciət edəcəyik. Bilirik ki, Fonda kifayət qədər insan müraciət edir. Əslində QHT-nin bir işi də dəstək verməkdir”.
Azərbaycan Uşaqlar Birliyinin (AUB) və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə isə AYNA-ya deyib ki, martın 18-dən etibarən, yəni karantin rejimi elan olunandan indiyədək analar tərəfindən sığınacağa axın olub: “Bağçalar, məktəblər fəaliyyət göstərmədi, bu səbəbdən böyük bir axın oldu. Ancaq biz onları qəbul edə bilmirdik. Bizim də öz qayda və kriteriyalarımız var. Sığınacaq sadəcə olaraq yer vermək üçün deyil, zorakılığa məruz qalmış uşaqların reabilitasiyası üçün nəzərdə tutulub. Mart-aprel aylarında bizə 30 qadın və 65 uşağın müraciəti oldu. Həmin 30 qadının 17-sini və 42 uşağı seçə bildik. Sığınacağa ayırdıqları yardımlarla dəstək verənlərin paylaşımları ilə həmin ailələrə də yardımlar etdik ki, onlar öz uşaqlarına baxa bilsinlər və ən azından uşaqlarla evlərində qala bilsinlər. Yerdə qalan on üç ailəni uşaqları ilə birgə xeyriyyəçi dostlarımıza istiqamətləndirdik ki, ən azından onları qida məhsulları ilə təmin edə bilsinlər”.
“Bu aylar ərzində, heç olmasa üç, mesajları sosial şəbəkələrdən qəbul edirdim. Ordan bildirirdilər ki, baxa bilmirik, problemlər var. Və biz onları aidiyyəti qurumlara, icra hakimiyyətlərinə yönləndirirdik. Onlar arasında zorakılıq faktları var idi. İcra hakimiyyətləri müvafiq komissiyalara yönləndirirdi. Bu dönəmlərdə qəbul etdiyimiz, ancaq yerli icra hakimiyyətləri, konkret olaraq onların rəsmi müraciətləri əsasında və hüquq mühafizə orqanlarının reydləri zamanı baxımsız şəraitdə aşkarlanmış, hətta bu sərt karantin rejimində aşkarlanmış uşaqlar, yeniyetmələr olub. Həmin uşaqlar yenə də bizdədirlər. Tam karantin dövrü bitənə qədər biz onlarla reabilitasiya işini aparacağıq”, - Ağazadə bildirib.
Müsahibimizin sözlərinə görə, hazırda onların imkanları məhduddur: “Bir çox uşaq müəssisələri dövlət nəzarətində, dövlət balansındadır. Amma bizim sığınacaq QHT nəzdindədir. Və bu, yeganə uşaq sığınacağıdır ki, sırf zorakılığa məruz qalmış uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyasını həyata keçirir. Bu gün sığınacaqda iyirmi səkkiz uşaq və iki qadın var. Onlarla reabilitasiya işləri aparılır. Uşaqlar arasında heç bir xəstəlik yoxdur. Və əlavə olaraq istisna hal kimi icra hakimiyyəti tərəfindən yönləndirilmiş bir ailənin iki uşağını da biz günərzi olaraq qəbul etmişik, onlar yaxın ərazidə yaşayırlar, gəlib burda dərslərə və əyləncələrə qatılırlar, qida ilə təmin olunurlar, səhər saat 08:00-da gəlib, axşam saat 20:00-da gedirlər. Əgər imkanımız olsaydı, daha çox uşaq qəbul edərdik. Amma bugünkü reallıq odur ki, iyirmi bir çarpayılıq yerə otuz nəfər yerləşdiririk. Və bu da əlbəttə ki, imkanlarımızın məhdudluğundan irəli gəlir”.
“Ümid yeri” uşaq evinin rəhbəri Nigar Mənsimova da AYNA-ya açıqlamasında bu dönəmlərdə müraciət edənlərin olduğunu qeyd edib: “Ancaq biz virus qorxusundan onları qəbul etməkdən ehtiyatlanırıq. Hazırda sığınacağımızda olan bütün uşaqları qoruyuruq. Kənar ziyarətçiləri içəri buraxmırıq, bütün tövsiyə olunan qayda-qanunlara, gigiyenik qaydalara əməl edirik. Uşaqların sağlamlığından sığınacağımızın tibb bacısı məsuliyyət daşıyır. Uşaqlar bütün gün həmin tibb bacısının nəzarəti altındadır. Şükür allaha, hamısı sağlamdır, qızdırması olan yoxdur. Hər şey qaydasındadır. Biz qalmaq imkanı olan işçiləri sığınacaqda saxlamışıq. Onlar evlərinə getmədən uşaqlarla birgə sığınacaqda qalırlar. Uzaqda yaşayan və gəlib-getməli olan müəllimlər yalnız onlayn şəkildə uşaqlarla ünsiyyət qururlar. Onlar sığınacağa gəlib-getmirlər. Yəni maksimum şəkildə qaydalara və qorunmaya əməl edirik”.
Sığınacaqda olan uşaqların sosial vəziyyətinə gəldikdə, müsahibimiz Heydər Əliyev Fondundan böyük dəstək gördüklərini vurğulayıb: “Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya öz minnətdarlığımı bildirirəm. Pandemiya başlayan gündən sığınacağımızın ərzaq təminatını yüksək səviyyədə icra edirlər. Uşaqlar ilk gündən bugünə kimi heç bir ərzaq qayğısı çəkmədən yaşayırlar. Buna görə Leyla xanıma xüsusi olaraq təşəkkür edirəm. Bildiyiniz kimi, biz QHT-yik, yalnız ianə və yardımlarla ayaqdayıq. Əgər bu dəstək olmasaydı, biz orda heç cür yaşaya bilməzdik. Heydər Əliyev Fondunun bu dəstəyi olmasaydı, biz ya acından ölərdik, ya da kömək arzusuyla səsimiz çox bərk çıxacaqdı. Amma hər ay vaxtı-vaxtında ərzaq təminatımız həyata keçirilir. Uşaqların heç bir şeyə ehtiyacı yoxdur, rahat oturmuşuq”.
“Bizdə yalnız əməkhaqqı mövzusu açıq olaraq qalır, çünki işçilər əməkhaqqı almadan çalışırlar. Sığınacaqda əlliyə qədər uşaq, on nəfər də onlara qulluq edən işçi var”, - Mənsimova əlavə edib.