Beynəlxalq Cinayət Məhkəməsi Şoyqu və Gerasimov barəsində həbs qərarı çıxarıb

Dünya

26.06.2024 - 11:23

Həkimlər Klinikalar SEO Xidməti

Onlar Ukraynada mülki hədəflərə və mülki şəxslərə hücumlarda ittiham olunurlar

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib. AYNA xarici mediaya istinadən bildirir ki, onlar Ukraynada mülki hədəflərə və mülki şəxslərə hücumlarda ittiham olunurlar.

Qərara görə, Şoyqu və Gerasimov bir sıra hərbi cinayətlərə, o cümlədən mülki obyektləri hədəfə almaq, mülki şəxslərə həddindən artıq zərər vurmaq, cinayət əmrləri vermək, insanlığa qarşı cinayətlər və onların tabeliyində olan qüvvələrə adekvat nəzarəti həyata keçirməmək üçün məsuliyyət daşıyırlar.

“Rusiya hərbi qüvvələri tərəfindən 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək Ukraynanın elektrik infrastrukturuna qarşı həyata keçirilən raket hücumlarına görə iki şübhəlinin məsuliyyət daşıdığını düşünmək üçün əsaslar var. Bu müddət ərzində Rusiya hərbçiləri Ukraynanın elektrik stansiyalarına və yarımstansiyalarına çoxlu sayda hücumlar həyata keçirib”, - məhkəmə qeyd edib.

İşə baxan məhkəməyə sədrlik edən hakim Serxio Gerardo Ugalde Godinez, habelə hakimlər Rosario Salvatore Aitala və Haykel Ben Mahfoud daxildir.

Ötən ilin martında məhkəmə Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Putin hərbi cinayətlər törətməkdə şübhəli bilinir: əhalinin (uşaqların) qanunsuz deportasiyası və onların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiya Federasiyası ərazisinə köçürülməsi daxildir. Lvova-Belovaya qarşı da oxşar ittihamlar irəli sürülüb. Putin və Lvova-Belovanın həbsi prokurorun tələbi ilə verilib. Putinin ittiham olunduğu cinayətlər ən azı 2022-ci il fevralın 24-dən işğal olunmuş Ukrayna ərazisində törədilib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə Roma Statusu əsasında yaradılıb. Məhkəmə BMT-nin bir hissəsi deyil, lakin hərbi cinayətlər, soyqırım və bəşəriyyətə qarşı cinayətlərə görə fərdləri mühakimə etmək mandatına malikdir. Rusiya 2000-ci ildə Roma Statutunu imzalasa da, sənədi ratifikasiya etməyib.

Müəllif: Ayna.az