“Bir şərtlə ki, bu müddət ərzində alternativ tədarük üçün şərait yaradılsın”
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni rəsmi Romanı Rusiya qazından imtinaya çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, siyasətçi Rusiyanın enerji resurslarından imtina tədbirlərini dəstəkləyib-dəstəkləməməklə bağlı suala belə cavab verib: “Əlbəttə, imtina edilməlidir. Bir şərtlə ki, bu müddət ərzində alternativ tədarük üçün şərait yaradılsın”.
Berluskoni mayeləşdirilmiş təbii qazın (LNG) emalı üçün terminalların və tullantılardan enerji istehsalı zavodlarının yaradılmasının zəruriliyinə işarə edib. O, həmçinin bərpa olunan enerji mənbələrinə sərmayə yatırmağa və təmiz nüvə enerjisi üzrə tədqiqatları bərpa etməyə çağırıb.
“O zaman biz açıq-aşkar problemlər yaradan asılılığa son qoya biləcəyik”, - deyə keçmiş Baş nazir bildirib.