Təhsil eksperti: “Tərbiyəçi-müəllimlərə münasibətdə ayrıseçkiliyə son qoyulmalıdır”
Məşğulluq eksperti: “İşçilərin əmək haqqı və dərəcəsi kiminsə istəyi ilə azaldıla bilməz”
Ötən ilin yanvarında ölkədə fəaliyyət göstərən bütün uşaq bağçaları Elm və Təhsil Nazirliyinin (ETN) balansına verildi. Bununla da 10 il öncə Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinin balansına keçən uşaq bağçaları yenidən Nazirliyə qaytarıldı.
Məktəbəqədər tədris müəssisələri ETN-in balansına keçdikdən sonra isə qeyri-ixtisas tərbiyəçi-müəllimlərin vəzifə dərəcələrinin dərəcələrinin və maaşlarının azaldılması ilə bağlı qərar qəbul olundu. Bu qərar ictimaiyyət tərəfindən kəskin etirazla qarşılandı və nəticədə qeyri-ixtisasların dərəcələri və əməkhaqları təkrar bərpa olundu. Amma...
Təkcə Bakı şəhəri üzrə! Təsəvvür edirsiniz? Azalma qərarı bütün ölkəyə şamil edilir, bərpa qərar sadəcə paytaxta. Absurd deyilmi?
Bundan xəbər tutan Sumqayıt, Abşeron və digər bölgələrdə çalışan bağça işçilərinin etirazları genişlənir. Elə bu məqamda daha bir absurda şahid oluruq. Belə ki, etirazını bildirən, ETN-ə və digər qurumlara şikayətlər ünvanlayan tərbiyəçi-müəllimlərin dərəcə və maaşları bərpa olunsa da, proses fərdi xarakter alıb və heç də hamıya şamil edilməyib...!
Baş verənləri AYNA-ya şərh edən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, məktəbəqədər tədris müəssisələrində müəllim və tərbiyəçilərin kütləvi şəkildə işdən çıxarılması və ya əmək haqqının ödəniş dərəcəsinin azaldılması yolverilməzdir: “Məlumdur ki, uşaq bağçaları uzun müddət Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərib. Sonradan yerli icra hakimiyyətlərinin balansına keçsə də, yenidən Elm və Təhsil Nazirliyinə qaytarılıb. Məktəbəqədər tədris müəssisələri Nazirliyin balasında keçəndən sonra müəllimlərin işə qəbulu, habelə təhsil proqramı Elm və Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilir”.
“Nazirlikdən bildirirlər ki, uşaq bağçalarında qeyri-ixtisasdan olan fərqli peşə sahibləri, bu sahədə diplomu olmayan şəxslər fəaliyyət göstərirlər. Bəli, haqlıdırlar. Ancaq adama sual verərlər ki, bu qədər müəllim və tərbiyəçi hansı əsaslarla məktəbəqədər tədris müəssisələrinə cəlb olunub? Bu gün xeyli sayda qeyri-ixtisas olan müəllim və tərbiyəçilər bağçalarda çalışırlar”, - deyə həmsöhbətimiz bildirib.
Əfəndi birmənalı hesab edir ki, həmin şəxsləri kənarda qoymaq və ya məvaciblərini azaltmaq olmaz: “Qiymətləndirmə meyarları peşəkar olmalıdır. Deyək ki, müvafiq sahədə təhsilləri yoxdur. Lakin uzun müddətdir bu sahədə çalışırlar. Yəni, müəyyən təcrübə qazanıblar. Təcrübə və şəxsi bacarıqlar mütləq nəzərə alınmalıdır. O ki qaldı məvaciblərin tutulması və dərəcələrin aşağı salınması məsələsinə, bu, əsassız addımdır və hətta məhkəmə predmeti də ola bilər. Bu məsələdə ayrıseçkilik isə qətiyyən yolverilməzdir. Hesab edirəm ki, hüququ pozulan tərbiyəçi-müəllimlər aiddiyyəti qurumlara müraciət etməli, onlara qarşı əsassız münasibətə etirazlarını bildirməlidirlər. Elm və Təhsil Nazirliyinin borcudur ki, ədaləti bərpa etsin və baş verən ayrıseçkilik hallarına son qoysun”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov da AYNA-ya şərhində deyib ki, eyni əmək qarşılığında bərabər ödəniş qaydası var: “Bu, respublikamızın ana qanununda - Konstitusiyada təsbit olunub. Deməli, mübahisə predmeti və mövzusu ola bilməz. Əgər Azərbaycan hökuməti hesab edirsə ki, uyğun olmayan peşə sahibləri məktəbəqədər tədris müəssisələrində çalışırlar, o zaman onları uyğun peşə istiqamətləri üzrə işlə təmin etməlidir”.
“Əmək qanunvericiliyinin tələbinə əsasən, işçilərin əmək haqqı və dərəcəsi kiminsə istəyi ilə azaldıla bilməz. Bu kimi addımlar atanda qanuna və qanunvericiliə istinad edilməlidir. Vətəndaşın hüququ var ki, məhkəmkəyə müraciət etsin və qanunla öz hüququnu bərpa etsin”, - deyə mütəxəssis bildirib.
Sonradan ETN-in qərarını dəyişdiyini, qeyri-ixtisas işçilərin ödəniş dərəcələrini bərpa etdiyini xatırladan müsahibimiz bunu doğru qərar sayır, lakin: “Bu prosesin bütün müəllim və tərbiyəçilərə şamil olunmaması, ayrıseçkiliyə yol verilməsi vətəndaşın əmək hüquqlarının pozulması deməkdir. Buna qətiyyən yol vermək olmaz”.
“Unutmaq lazım deyil ki, əmək münasibətləri qanunla tənzimlənir. Qanun qarşısında hamı bərabərdir və qanunun tələbləri yerinə yetirilməlidir. Xüsusən dövlət qurumlarının haqqı yoxdur ki, qanunun tələblərini pozsun. Bu, çox pis bir presedentdir. Hesab edirəm ki, məktəbəqədər tədris müəssisələrində çalşan bütün müəllim və tərbiyəçilərin ödəniş dərəcələri artırılmalıdır”, - deyə Məmmədov fikrini tamamlayıb.