Elman Rüstəmov: “Fiskal dəyişiklik var və bu illərdir davam edir”
“Növbəti ildə büdcə xərclərinin artması iqtisadi artımı və məşğulluq proqramını dəstəkləyəcək”. AYNA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov gələn ilin dövlət büdcəsi ilə bağlı Milli Məclisin komitəsində keçirilən iclasda deyib.
Baş banker vurğulayıb ki, bu il ölkəmiz üçün əlamətdar olub: “Azərbaycan Vətən müharibəsində qələbə qazanaraq öz ərazilərini işğaldan azad edib. Tezliklə insanlar öz yurd-yuvalarına qayıdacaqlar. Təqdim edilmiş 2021-ci il üzrə büdcə layihəsi qarşıda yeni vəzifələr qoyur. Bəs qarşıdakı 5-10 il ərzində bizi hansı çağırışlar gözləyir? Bu çağırışlar Böyük Qayıdış və ÜDM-in ikiqat artırılması, dayanaqlılığın təmin edilməsi, makroiqtisadi stabilliyin qoyrunmasıdır”.
“Postpandemiya və ərazilərimizin bərpası kimi vəzifələr qarşıya qoyulub. Büdcə kəsirlərindən danışarkən qeyd etmək lazımdır ki, fiskal dəyişiklik var və bu illərdir davam edir. Hesab edirəm ki, iqtisadiyyatın artımı və inkişafı üçün ölkədə kifayət qədər manevr imkanları var”, - deyə Mərkəzi Bankın sədri bildirib.