İqtisadiyyat naziri: “Şəffaf fəaliyyət göstərən zərgərlərə güzəştlər ediləcək”
"Təəssüf ki, zərgərlik sektorunda şəffaflığın təmin edilməsi bu gün bir məsələ olaraq qalır. Zahiri parıltının altında çox da xoş olmayan mənzərə mövcuddur. Azərbaycanda zərgərlik bazarının real vəziyyəti qiymətli metallar, qiymətli daşlar istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, həmçinin müvafiq idxal-ixrac əməliyyatları ilə bağlı durum bu sahədə bir sıra tədbirlərin görülməsini zəruri edir”.
AYNA xəbər verir ki, bu gün Bakıda "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda sahibkarlara görüş keçirən İqtisadiyyat naziri Mikayıl Cabbarov belə deyib. O bildirib ki, sözügedən tədbirlərin bəziləri təxirəsalınmazdır: “Zərgərlik bazarında bir sıra çatışmazlıqların olması faktı var. Bu sahədə fəaliyyət göstərən iştirakçıların qanuni əsasla işləməsi təmin edilməliidr”.
Nazirin sözlərinə görə, statistika ilə real göstəricilər arasında ciddi fərqlər mövcuddur: "Bir çox hallarda kölgə iqtisadiyyatının bu sahədə maksimum azaldılmasına nail olmalıyıq və yadda saxlamalıyıq ki, güzəştlər o şəxslərə verilir və veriləcək ki, onlar şəffaf fəaliyyət göstərəcəklər".
Cabbarov əlavə edib ki, bazar iştirakçıları tərəfindən xammal və məmulatların idxalında qeyri-rəsmi əməliyyatların geniş hal kimi yayılması, ikinci əl məmulatları rəsmi qaydada almaq imkanının bir çox halda olmadığı, qızılın təmizlənməsinin (affinaj) bir neçə böyük bazar iştirakçıları tərəfindən kiçik həcmlərdə həyata keçirilməsi, bazarın ixrac imkanlarını da, bazarın vəziyyətini də ciddi dərəcədə zəiflədir.
“Qızıl və qiymətli daşların keyfiyyətinə nəzarətin istənilən səviyyədə olmaması, həmçinin maliyyələşdirilmə və stimullaşdırma mexanizmlərinin yoxluğu, həm istehlakçıların hüquqlarına, həm də bizim strateji hədəflərimizə zərbə vuran məqamlardan biridir. Məlumdur ki, sektorda qeyri-şəffaf əmək münasibətləri hallarına da tez-tez rast gəlinir. Düşünürəm ki, bu çatışmazlığın aradan qaldırılması istiqamətində birgə iş aparılmalıdır", - deyə İqtisadiyyat naziri vurğulayıb.