Deputat: “İqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa, "qara qızıl"a tələb yenidən azalacaq”
“Neftin dünya bazarında qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Bu gün “Brent” markalı neftin 1 barreli 31 dollardan baha təklif olunur”.
AYNA xəbər verir ki, bunu neftin qiymətinin bahalaşmasından danışarkən iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlərlə bağlıdır:
“Belə ki, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti Donald Tramp, “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə, ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” bildirib. Bu haqda Bloomberg agentliyi məlumat yayıb. ABŞ və Avropa Birliyi iqtisadiyyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək”.
V.Bayramovun qənaətincə, xüsusən qədim qitədə iqtisadiyyat yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa, bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik: “Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa, "qara qızıl"a tələb yenidən azalacaq. Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq”.