Bu gün güzəştə getməsək, sabah daha çox itirəcəyik – <font color=red> Koronavirus diqtəsi</font>

İqtisadiyyat

23.03.2020 - 17:45

Banklara 3 aylıq tam vergi güzəşti tədbiq edilməlidir ki, onlar da ana borca faiz hesablamalarını dondursunlar

 

Son 3 gündə kiçik və orta sahibkarlardan onlarla mesaj, zəng, məktub alıram – vəziyyətləri çox ağırdır. Bəzi populist siyasətçilərin çıxışlarından da narahatdırlar, təkliflər səslənir ki, özəl sektor da öz işçilərinin maaşını saxlamaqla, ödəməklə işçiləri məzuniyyətə göndərsinlər. Sahibkarlar üsyan edirlər ki, “Bizim qazancımız olmasa, maaşları nə ilə verək?! Hələ icarə dərdimiz də var, vergi ödənişlərinin də zamanı gəlib, biz nə edək, başımıza nə çarə qılaq?!”

 

Bir nəfər kafe işlədən sahibkar mənə deyir ki, şəhərin mərkəzində olan obyekti ayı 9000 manata icarə götürüb, 2 gün öncə obyekt sahibi ilə görüşüb, deyib ki, alver sıfıra yaxındır, icarəni verə bilməyəcək. Obyektin sahibi qarnını qaşıyaraq cavab verib ki, “mənim obyektimin qiyməti budur, azaltsam, sonra qaldıra bilməyəcəm, istəmirsən, çıx, qoy obyekt 2-3 ay boş qalsın, amma qiyməti salmayacam”.

 

Belə obyekt sahiblərinin böyük əksəriyyəti məmurlardır, onların əsas gəlir yeri biznes olmadığı üçün təfəkkürləri də primitivdir. Onlar əmək, bilik, bacarıq sərf edib obyekt sahibi olmadıqları üçün biznes təfəkkürü ilə düşünə bilməzlər. Amma anlamırlar ki, bu gün güzəştə getməsələr, sabah daha çox itirəcəklər.

 

Ölkədə ipoteka, istehlak və biznes krediti ödəyən yüzminlərlə insan var, onların bəzilərinin rəsmi işi yoxdur, ya da günəmuzd çalışırdılar – onların qazancı olmasa, nə ilə dolanacaqlar, nə ilə ödəniş edəcəklər?! Bu məsələ həll olunmasa, cəmi 2-3 ay sonra problemli, toksik kreditlərin həcmi kəskin artacaq, sonda dövlət daha baha qiymətə məsələni həll etməli olacaq. Banklara “Koronafond”a pul ödətdirməkdənsə, onlara 3 aylıq (ilkin olaraq) tam vergi güzəşti tədbiq edilməlidir ki, onlar da ana borca faiz hesablamalarını dondursunlar.

 

İqtisadi aktivliyin sıfıra yaxınlaşması büdcə ödənişlərinə də ciddi mənfi təsir göstərəcək, Neft Fondundan tranfert olunacaq 11 mlrd. manatda problem yoxdur, o pul büdcəyə gələcək, bəs yerdə qalan 13 mlrd. manatı hardan toplanacaq?! Tək ərzaq və aptek satışından doğan vergi öhdəlikləri bəs etməyəcək axı! Bunu düşünən varmı?!

 

Ümumiyyətlə, ölkənin orta, pis və ən pis senarilərə hazırlığı varmı?! Modellər qurulubmu?! Yoxsa dua, nəzir-niyazla məsələlərin həll olunacağını düşünürlər?! Nə isə...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert