“Bakıdakı qohumu cəbhədəki əsgərdən qabaq Şuşaya girib...”

Aktual

06.11.2020 - 15:37

Səxavət Məmməd: “Başa düşmək lazımdır ki, ordu düşmənin üzərinə qaça-qaça getmir, addım-addım gedir”

 

Azərbaycan 40 gündür ki, Vətən müharibəsi aparır. Sentyabrın 27-də işğalçı Ermənistanın işğalda saxladığı Dağlıq Qarabağ istiqamətində hücumuna əks-hücumla cavab verən Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi üçün uğurlu əməliyyatlarını davam etdirir. Bu müddət ərzində işğalda olan 4 şəhər, yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edilib. Ordumuz Dağlıq Qarabağın tamamını işğaldan azad etmək üçün irəliləyir.

 

Hər ərazi işğaldan azad edildikdə, bu, cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılanır. Lakin insanlarımızda bir qədər səbrsizlik də var. Prezidentin xalqa müraciətlərini və işğaldan azad edilmiş yerlərlə bağlı “Twitter” hesabında yazdığı məlumatları səbrsizliklə gözləyən insanlar, bir gün ölkə başçısından “Twit” olmadıqda sosial şəbəkələrdə “Nə oldu, niyə Prezident xəbər vermədi?”, “Ordumuz niyə sürətlə irəliləmir?” kimi narahatlıqlar ifadə edirlər. Mütəxəssislər isə bu cür davranışın ziyanlı olduğu qənaətindədirlər.

 

Cəbhə ilə bağlı daha bir məqam isə döyüş bölgələrindən videoların, xəbərlərin yayılmasıdır. Rəsmi xəbər olmadan kimsə hansısa mənbədən doğru və yaxud yalan, xəbər alırsa, əlinə video keçirsə, bunu sosial şəbəkələrdə paylaşır. Bunun isə düzgün olmadığı, Vətən müharibəmizə xeyir yox, ziyan verdiyi qənaətində olan mütəxəssislər tövsiyə edirlər ki, insanlarımız ancaq rəsmi xəbərləri gözləməlidirlər.

 

Əlbəttə, insanlarımız illərdir qələbəyə həsrət olduqları üçün xoş xəbərlərin tez-tez verilməsini arzulayırlar. Bu, təbii ki, başadüşüləndir. Amma Azərbaycan Ordusu nizami ordudur, planlı şəkildə ərazilərimizi azadetmə əməliyyatını keçirir.

 

Bəs, cəbhə ilə bağlı məlumatlar necə çatdırılmalıdır, sosial şəbəkələrdə insanlarımız informasiya müharibəsini hansı formada həyata keçirməlidirlər?

 

Bu suallara, Vətən müharibəsinin ilk günündən cəbhə xəttində olan, əməliyyatları müşahidə etmək imkanına malik hərbi jurnalist Səxavət Məmmədlə cavab tapmağa çalışdıq. O, AYNA-ya bildirib ki, sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayıb və ilk günlərdən azad olunmuş ərazilərin adları açıqlanıb:

səxavət məmməd jurnalist

- İlk iki həftə ərzində informasiya ilə bağlı hər şey qaydasında və normasında gedirdi. Ta ki, bəzi şəxslər sosial şəbəkələrdə “şad xəbər var, amma yaza bilmirəm”, “elə bir xəbər var ki, yaza bilmirəm, ürəyim partlayır” yazmağa başladılar. Bu, vəziyyəti tamam dəyişdi, informasiyalar başqa məcraya yol aldı. Bəzən vətəndaşlarımız elə bilirlər ki, döyüşlər çox asan keçir, ermənilər qaçır, bizimkilər də qovurlar. Anlamaq lazımdır ki, belə bir şey yoxdur. Dünyada bu cür döyüş növünə heç zaman rast gəlinməyib. Əgər elə olsaydı, o zaman Qarabağı iki günə işğaldan azad etmişdik.

 

- Yəni, kifayət qədər ağır döyüşlər gedir...

 

- Qarabağın relyefi çox çətindir. Birincisi, Qarabağ sıx meşələrlə əhatə olunub. İkincisi, dərələr, təpələr, uçqunlar, aşırımlar var ki, bunları keçmək elə də asan deyil. Üçüncüsü, düşmən həmin ərazilərdə çoxlu yeraltı sığınacaqlar tikib, çoxlu müdafiə zolaqları yaradıb. Təsəvvür edin ki, 30 ildir ermənilər müdafiə xəttini möhkəmləndirməklə məşğuldurlar. Bu müdafiə xətlərini yarmaq, çox çətin prosesdir, günlərlə vaxt tələb edir. Bəzən bizdə əvvəlcədən haranınsa işğaldan azad edildiyi məlumatı olur. Amma onu yazmaq, açıqlamaq doğru deyil. İşğaldan azad edilən ərazilərin adlarını Ali Baş Komandan o zaman açıqlayır ki, artıq o yerlərdə ordumuz tam möhkəmlənib. Hətta, düşmən ora yenidən həmlə, hücum etsə belə, ələ keçirə bilməz. Dövlət tam əmin olduqdan sonra ki, artıq bura təmizlənib, işğaldan azad olunub və düşmən nə edir-etsin, itirmək mümkün deyil, o zaman açıqlayır. Bizim əsgərin ayağı Qarabağın demək olar ki, hər yerinə dəyib. Bu, işin başqa yanıdır. Amma orada sən möhkəmlənməmisənsə, tam müdafiə xəttini, istehkamını qurmamısansa, bunu açıqlamaq düzgün deyil. Açıqlanan yer sonradan, Allah eləməsin, düşmənin həmləsi ilə əldən çıxarsa, bu, psixoloji məğlubiyyət deməkdir. Bu, həm orduda, həm cəmiyyətdə böyük ruh düşkünlüyü yaradar.

 

- Tam əminlikdən sonra Ali Baş Komandan “Twit” yazır...

 

- Bəli, Prezident işğaldan azad edilən hansı yerin, kəndin adını açıqlayırsa, demək ki, orada ordumuz tam möhkəmlənib. Dövlət arxayın olmasa, alınan yerin adını açıqlamaz. Bunu anlamaq lazımdır. “Niyə Şuşanı almadılar”, “niyə Xankəndinə girmədik” kimi suallarla insanları da, dövləti də, ordunu da yormaq lazım deyil. Kənardan danışmaq çox asandır. Təsəvvür edin ki, öndə gedən bir əsgərin yükü 30-40 kilodur. Dəbilqəsi, qoruyucu gödəkcəsi, ərzaqı, silahı, sursatı hesablayın, görün nə qədər yük edir. Bu yüklə hərəkət etmək asandır?! Əsgərimiz addım-addım hərəkət edir, qaçaraq yox. Bizim insanlar çox tələsirlər.

 

- Səbrlə, az itki ilə maksimum nəticə qazanmaq prioritetdir, yəni ki...

 

- Tamamilə doğrudur. Azərbaycan Ordusunun qarşısına qoyulan tapşırıqlardan biri də, az itki ilə maksimum nəticə əldə etməkdir. Əslində, Qarabağı qısa zamanda azad etmək olar. Amma o qədər itki verərik ki, bu, bizə lazım deyil. Bir qədər vaxt uzun olsun, amma az itki ilə istədiyimiz nəticəni əldə etmək taktikası düzgündür. Bizim insanlar bilmirəm hara tələsirlər. Hərbçilərlə söhbət edirik, yarı zarafat-yarı ciddi, deyirlər ki, sosial şəbəkələrdəkilərin sürətinə çata bilmirik. İnformasiya müharibəsi aparmaq istəyiriksə, bunun yolu “Facebook”-da “Şuşaya girdik, Şuşa bizdədir” yazmaq deyil.

На депутатский мандат от Шуша-Агдам-Ходжалы-Ходжавендского избирательного  округа претендуют 14 кандидатов | 1news.az | Новости

- Sizcə, informasiya müharibəsi necə aparılmalıdır?

 

- Məsələn, ən yaxşı mübarizə üsullarından biri, ermənilərin feyk xəbərlərini ifşa etməkdir. Hadrut işğaldan azad edilib, amma ermənilər köhnə videolardan istifadə edərək, Hadrutun onlarda olduğunu iddia edirlər. Bizim insanlar mübarizə aparmaq istəyirsə, onların yalanlarını ifşa etsinlər. Yoxsa, oturub Bakıda, yazır ki, “Laçın dəhlizini götürmüşük”. Bəzi hallarda hərbçilər, əsgərlər zəng edirlər ailələrinə, qohumlarına, özlərinin yaxşı olduğunu, hər şeyin qaydasında olduğunu deyirlər. Söhbət əsnasında da, məsələn, deyir ki, Şuşa tərəfdəyik. Vəssalam. Həmin qohum götürüb “Facebook”da yazır ki, “qohumumla danışdım, bizimkilər Şuşadadırlar”. Axı, hərbçi dedi ki, Şuşa yaxınlığındayıq. Amma Bakıdakı qohumu cəbhədəki əsgərdən qabaq Şuşaya “girir”.

 

- Yeri gəlmişkən, hərbçilərin özləri də harada olduqları haqqında video çəkirlər, göndərirlər. Döyüş bölgəsindən video necə yayılır, orada kim var? Təbii ki, sıravi adam orada yoxdur, video varsa, demək, bunu hərbçi çəkib kiməsə göndərib. Bu, nə dərəcədə doğrudur?

 

- Məndə o qədər məlumat var ki, amma bunu yazmaq, demək olmaz. Hərbçilər mənə çoxlu məlumatlar verirlər, amma bu, o demək deyil ki, yaymaq lazımdır. Hərbçidir, qohumuna, doğmasına sağ olduğunu, yaxşı olduğunu göstərmək üçün video atıb. Bunu paylaşmaqla, qohum öz hərbçi qohumunun həyatını təhlükəyə atır. Demirəm ki, insanlar bunu bilərəkdən edirlər, bununla ermənilərə xidmət edirlər, xeyr. Amma videonu yaymaqla hərbçiyə, doğmasına pislik etmiş olurlar. Ona görə də, cəbhədə yaxınları olan, doğmaları olan, cəbhədəki hərbçi ilə danışmaq imkanı olan şəxslər hər şeyi sosial şəbəkələrdə yazmamalıdırlar. Digər tərəfdən, əsgərin, zabitin göndərdiyi videoya görə, həmin əsgər və zabit komandiri tərəfindən də danlanacaq. Döyüşün ortasında əsgərə belə bir problem lazımdırmı?

 

- Videoların yayılması həm də sonradan ruh düşkünlüyünə səbəb olur. Məsələn, kadrlarda görünən ərazinin azad edildiyi barədə rəsmi açıqlama olmayanda, insanlar fikirləşirlər ki, demək düşmən əks-hücumla geri alıb...

 

- Bu, dövlətə də, hərbçiyə də psixoloji basqıdır. Vətəndaşlarımız sevinc yaşamaq üçün dövləti də, hərbçini də təzyiq altında saxlayırlar. Həmin videodakı ərazilərin azad olunduğu barədə “Twit” gəlməyəndə də, həmin vətəndaş ruh düşkünlüyünə düçar olur. Bu məsələlərdə hesab edirəm ki, cəmiyyət olaraq diqqətli, səbrli olmalıyıq.

 

- Ağdamla bağlı da çox suallar verilir. Deyirlər ki, uzaqda yerləşən Qubadlı alındı, yaxındakı Ağdamdan xəbər yoxdur…

 

- Ağdam istiqamətindən əks-hücum ağılsızlıq olar. Ön tərəfdən Ağdama hücum etmək intihara bərabərdir. Ağdamın hər tərəfi yüksəklik, orta isə düzənlikdir. Erməni də orada elə mövqe düzəldib ki, bizim əsgərin özünü qoruyacağı, daldalanacağı yer yoxdur. Orduya ağıl vermək lazım deyil. Bir də görürsən, kimsə yazıb ki, Ağdamı azad etmişik, sadəcə rəsmi açıqlanmır. Bu, məntiqsiz yanaşmadır. Azərbaycan Ordusunun qarşısında tapşırıq var, ordumuz da o tapşırıq üzrə hərəkət edir. Hər şey planla, tapşırıqla həyata keçirilir. Ölkənin Ali Baş Komandanı var, Müdafiə Nazirliyi var, Baş Qərargah var, onlar nəyi nə vaxt, necə, nə vaxt etmək lazımdır, qərar verirlər. Əməliyyatların strategiyası var, məqsədi var, ona uyğun hərəkət edilir. Əsgər qarşısına qoyulan tapşırığı yerinə yetirir. O tapşırığı da nə sən bilirsən, nə mən bilirəm. Çox vaxt heç əsgərin özü də bilmir. Bəzən deyilir ki, əsgər getməlidir. Əsgər nə qədər getməlidir? Bəyəm əsgərin istirahəti yoxdur? Hərbi texnikanın istifadə müddəti var, vaxtı var. Ümumiyyətlə, hər şeyin vaxtı var, ona uyğun da döyüş davam edir. İnsanlarımız Ali Baş Komandanın xalqa müraciətlərini, “Twitter”də yazdıqlarını gözləsinlər. Dəqiqləşməmiş, rəsmi olmayan məlumatları paylaşmasınlar. Hətta, şəhidlərimizin şəkillərini belə, paylaşmamaq lazımdır. Çünki bunu ermənilər götürüb lağ-lağı obyektinə çevirirlər. Müharibə bitsin, sonra yasımızı saxlayarıq. Azərbaycan Ordusu nizami ordudur. Azərbaycan dövləti hansısa əsgərimizin şəhid olmasını gizlətmir. İndi açıqlanmırsa, bunun səbəbi var. İnsanlarımıza onu deyə bilərəm ki, ordumuz çox gözəl işlər görür, ərazilərimiz azad edilir. Yaxınlarda gözəl xəbərlər alacağıq.

Müəllif: Anar Bayramoğlu