Bakıda narkokuryerlik edən səkkiz nəfər tutulub 

Cəmiyyət

19.01.2022 - 17:11

Narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Kamran Mirzəzadə, Natiq Abbasov, Ramil Mehdiyev, Rəsul Rəsulzadə, Nazim Əsgərov, Türkan Nəsirova, Abbas Nəcəfi və Nəcməddin Əsgərov saxlanılıblar. Onların üzərindən, yaşadıqları mənzillərdən külli miqdarda metamfetamin, heroin və elektron tərəzilər aşkarlanıb.

Araşdırma zamanı həmin şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub. Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların barələrində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılır və həbs qətimkan tədbirləri seçilib.

Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Müəllif: Ayna.az