Nazirlik oteldə baş verən yanğınla bağlı məlumat yayıb
Bu gün saat 20:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
AYNA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli otel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib.
Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 kv m sahə yanıb, otelin binası yanğından mühafizə olunub.