"Bakı Metropoliteni" sərnişinlərə xəbərdarlıq edib

Xəbərlər

06.12.2022 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

“Təhlükəsizliyinə zidd olan və xələl gətirən istənilən davranış qaydaları yolverilməzdir”

Bu günlərdə Bakı Metropolitenində Poliş Şöbəsinin əməkdaşlarının çevik əməliyyat tədbirləri nəticəsində müvafiq rəsmi müraciət və icazə olmadan, metropoliten stansiyalarından birinin eskalator sürahisində kimyəvi təmizləyici maddədən istifadə etməklə, bu prosesi videogörüntüyə almağa cəhd göstərmiş şəxslər saxlanılıb. Həmin şəxslər atdıqları addımların verə biləcəyi fəsadlarla bağlı müvafiq izahat işi aparılmaqla inzibati məsuliyyətə cəlb olunublar.

“Bakı Metropoliteni” QSC-dən AYNA-ya verilən məlumata görə, sərnişinlərin və ictimaiyyətin diqqətinə çatdırılır ki, Bakı metropoliteninin fəaliyyəti müvafiq texniki normativ qaydalarla, metropolitendən istifadə qaydaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Məhz bunun sayəsində Bakı metropolitenində sərnişindaşımanın təhlükəsizliyi təmin edilir. Qeyd edilənlər nəzərə alınaraq, metropoliten infrastrukturuna daxil olan avadanlıq, qurğu, maşın və mexanizmlərə kənar şəxslərin müdaxiləsi, həmçinin təhlükəsizliyinə zidd olan və xələl gətirən istənilən davranış qaydaları yolverilməzdir.

"Bütün bunlar nəzərə alınaraq, qurğu və avadanlıqlara qeyri-qanuni və icazəsiz istənilən müdaxilə sərnişin təhlükəsizliyinə, metropoliten infrastrukturuna xələl gətirən və metropolitendən istifadə qaydalarının digər müvafiq bəndləri ilə ziyan vurma, eləcə də metropolitenin nüfuzuna xələl gətirilməsi cəhdi kimi dəyərləndiriləcək və müvafiq ciddi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq", - deyə məlumatda bildirilir .

“Bakı Metropoliteni” QSC sərnişinlərinə və ictimaiyyətə müraciət edərək, metropolitenin hüdudları daxilində qaydalara riayət olunmasını, avadanlıq və qurğulara özbaşına müdaxilə edilməməsini, istənilən şübhəli, nöqsan və qüsurlu halları müəyyən etdikdə, ilk növbədə, metropoliten əməkdaşlarına müraciət edilməsini və məlumat verilməsini xahiş edir.

Müəllif: Ayna.az