Azərbaycandan uzanan barışıq əli: ermənilər vətəndaşlığımızı qəbul edəcəklərmi?

Aktual

04.03.2023 - 10:16

Deputat: “Qarabağda etnik ermənilərə də digər Azərbaycan vətəndaşları ilə bərabər imkanlar yaradılacaq”

Sabiq dövlət müşaviri: “Bu cür görüşlər regionda sabitliyin təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir”

Azərbaycanı təmsil edən nümayəndələr Xocalıda Qarabağ bölgəsində yaşayan etnik ermənilərlə görüş keçiriblər. Xocalı şəhərində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında keçirilən görüşdə bölgədə yaşayan ermənilərin Azərbaycana inteqrasiyası müzakirə olunub.

Bu, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “dövlət naziri” Ruben Vardanyanın fevralın 23-də tutduğu “vəzifə”dən azad olunduqdan sonra baş tutmuş ikinci görüşdür. Ruben Vardanyan bu “vəzifə”yə təyinat alandan sonra rəsmi Bakı bəyan etmişdi ki, onun təmsil etdiyi qrupla danışıqlar aparmayacaq.

Milli Məclisin deputatı Ramin Məmədov Azərbaycanı Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslarda təmsil edən məsul şəxs qismində müəyyən edilib. Görüşdə onunla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.

Milli Məclisin üzvü Məşhur Məmmədov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Qarabağ erməniləri bu tarixi fürsətdən istifadə etməlidirlər: “Müharibə artıq başa çatıb. Azərbaycan tarixi qələbə qazanıb. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Xocalıda misli görünməmiş bəşəri cinayət, soyqırımı törədiblər. Bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma yurd-yuvasından didərgin salınıb. Torpaqlarımız ekoloji və mina terroruna məruz qalıb. Həmin əraziləri xarabalığa çeviriblər”.

“Bütün bunlara baxmayaraq, Azərbaycan qalib ölkə olaraq Qarabağ bölgəsində yaşayan etnik ermənilərə də digər ölkə vətəndaşları kimi, bərabər hüquqlar tanımaq niyyətindədir. Bu mütərəqqi bir addımdır. Bunu qiymətləndirmək lazımdır. Heç şübhəsiz, separatçılar buna imkan vermək istəmirlər. Lakin bu, heç nəyi dəyişməyəcək. Onlar tarixi Zəfərin nəticələri ilə də barışmaq istəmirdilər. 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıq yaranıb. Bu reallığın diqtəsidir ki, etnik ermənilər də Azərbaycan vətəndaşları olaraq keçmişə yox, gələcəyə baxsınlar”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan dövlətinin Qarabağ bölgəsində yaşayan etnik ermənilərlə görüş təşəbbüsü təqdirəlayiqdir: “Bu, bir daha bütün dünyaya nümayiş etdirir ki, Azərbaycan ona qarşı olunan haqsızlıqlara baxmayaraq, regionda sabitliyin bərqərar olunmasına səy göstərir. Qarabağ bölgəsində yaşayan ermənilər istismara məruz qalırlar. Sosial-iqtisadi baxımdan fəlakət həddində yaşayırlar. Onlar üçün unikal imkan yaranıb ki, bu tarixi şəraiti qiymətləndirsinlər”.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən həyat quruluacaq, o bölgələr inkişaf edəcək. Bu inkişafdan orada yaşayan etnik ermənilərə də pay düşəcək. Çünki Azərbaycanda dini, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarına bərabər imkanlar yaardılır. Qarabağda etnik ayrıseçkilik olmayacaq. Etnik ermənilərə də digər Azərbaycan vətəndaşları kimi, bərabər imkanlar tanınacaq”, - deyə Məmmədov vurğulayıb.

Xocalıda keçirilən görüşü AYNA-ya şərh edən sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli də həmfikirdir ki, Qarabağ regionunda yaşayan etnik ermənilərlə təmasların başlanması müsbət məqamdır: “44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra bu təmaslar gözlənilən idi. Çünki ölkəmiz hələ müharibənin qızğın dövründə bəyan edirdi ki, biz etnik ermənilərlə mehriban şəraitdə yaşayacağıq. Dövlət başçısı səviyyəsində Qarabağda yaşayan etnik ermənilərə də digər Azərbaycan vətəndaşları kimi, bütün hüquqların veriləcəyi bəyan edilib”.

“Unutmaq lazım deyil ki, biz qalib tərəfik. Bu baxımdan bu cür təmasların davam etdirilməsi labüddür. Amma bu, elə də asan məsələ deyil. Təbii ki, real nəticəyə nail olmaq zaman tələb edəcək. Bu, danışıqların ilkin mərhələsidir. Heç şübhəsiz Qarabağda olan separatçılar buna qarşı dayanmağa, danışıqlar prosesini pozmağa çalışacaqlar. Biz dəfələrlə təcrübədə sübut etmişik ki, sülh və barışıqdan yanayıq. Hələ müharibə başlamazdan öncə Azərbaycan Prezidenti Ermənistana bəyanatlar səsləndirir, onları işğal altında saxladıqları torpaqları boşaltmağa çağırırdı. Lakin onlar buna məhəl qoymadılar. Zamanında praqmatik və rasional qərar versəydilər, “dəmir yumruq” da başlarına dəyməyəcəkdi”, - deyə politoloq söyləyib.

Onun sözlərinə görə, bu cür görüşlər regionda sabitliyin təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir: “Birmənalı şəkildə söyləmək olar ki, Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsələr, daha yaxşı yaşayacaqlar. Onlar faktiki olaraq separatçı qüvvələrin əlində alətə çevriliblər və səfil həyatı sürürlər. Onlar başa düşməlidirlər ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub”.

“Azərbaycan prezidentinin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu iqtisadi rayonların ərazisində geniş miqyasda abadlıq və quruculuq işlərinin həyata keçiriləcək. Bir müddət sonra bu ərazilər münbit infrastruktura və imkanlara malik olacaq. Bundan, heç şübhəsiz, orada yaşayan və Azərbaycan vətəndaşlığını qəbul etmiş etnik ermənilər də qazanacaqlar”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə