Azərbaycandan Rusiya, Ermənistan və İrana qarşı zərgər dəqiqlikli gediş

Aktual

07.12.2022 - 14:24

Moskva razılaşmaq məcburiyyətində, ermənilər təlaş içərisində, Tehranda aciz susqunluq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Müzakirə mövzusu genişspektrli məsələlər olub. Onlardan biri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı məsələsidir.

Əslində, rəsmi Bakı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiya tərəfinə çox aydın şəkildə bildirir ki, onlar üzərinə götürdüyü öhdəliklərin öhdəsindən gəlmirlər. Əslində, məhz bu səbəbdən ötən şənbə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” QSC-nin əməkdaşları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə gediblər.

Bu addım Rusiya sülhməramlıları ilə bağlı mənasız şikayətlər və Qarabağ separatçılarının dəhşətli hayqırtıları ilə müşayiət olundu. Bu səfər qaçılmaz idi. O cümlədən ona görə ki, Azərbaycan tərəfinin Qarabağ separatçılarının Rusiya sülhməramlılarının gizli razılığı ilə torpaqlarımızı talan etdiyini iddia etmək üçün tutarlı əsasları var.

Daha dəqiq desək, bir sıra yerli KİV-lər Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyatağ kəndi yaxınlığında, sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammalın “KAMAZ” markalı yük maşınları ilə ixrac edildiyi barədə məlumat yayıb. Daşıma İsveçrədə yerləşən “Vallex Group” QSC-yə daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də sülhməramlıların məsuliyyəti alıtında olan Ağdərə ərazisindəki qiymətli metalların talanması ilə məşğul olan “Base Metals” şirkəti tərəfindən həyata keçirilir. Ona görə də Bakıdan Rusiya sülhməramlılarının məsuliyyət zonasına nümayəndə heyəti göndərdilər.

Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Andrey Volkov nümayəndə heyətimizlə görüşdə, yumşaq desək, özünə bəraət qazandırmağa çalışan adam kimi görünürdü. O, bir sıra mübahisəli açıqlamalar verib. Amma əsas odur ki, sonda, bazar ertəsi Azərbaycan-Ermənistan şərti sərhədində gömrük məntəqəsinin yaranacağını bəyan etdi.

Bu, məhz Bakının nail olmaq istədiyi və nəinki İrəvanda, hətta Xankəndidə də qorxulu yuxu kimi qəbul edildi. Axı gömrük-keçid məntəqəsinin quraşdırılması Qarabağ separatçılarını Xankəndidən Ermənistan Respublikası ərazisinə Laçın dəhlizi ilə istədikləri hər şeyi - talan edilmiş faydalı qazıntılardan tutmuş silahlara qədər daşımaq imkanından məhrum edəcək. Beləliklə, zərgər dəqiqliyi ilə, səs-küysüz hərəkət edən Azərbaycan həm Ermənistana, həm Qarabağ separatçılarına, həm də İrana “salam” çatdırdı.

Axı unutmaq olmaz ki, son zamanlar Azərbaycanın Qarabağ bölgəsində sülhməramlıların müvəqqəti dislokasiya zonasına qanunsuz daxil olan 14 İran vətəndaşı ətrafında qalmaqal yaşandı. Həmin Volkov daha sonra rus sülhməramlılarının aşkar edilmiş “korluğuna” görə özünə haqq qazandırmağa çalışdı. O, iranlıların heç də təxribatçı deyil, “inşaatçı” olması barədə nəsə mızıldandı. Nə yaxşı ki, onları “meşə sanitarları” adlandırmadı. Hər halda Azərbaycan öz məqsədinə nail oldu.

Və Rusiya tərəfi bununla razılaşmaq məcburiyyətində qaldı. İran da susacaq. Çünki Azərbaycan hüquqi baxımdan qüsursuz fəaliyyət göstərir. Həm də ona görə ki, ölkəmiz təkcə diplomatiya yolu ilə deyil, məqsədinə digər yollarla da çatmaq imkanına malikdir. Rəsmi Bakının haqlı mövqeyinə hörmət etməyə məcbur etmək xüsusi təyinatlıların cəlb edilməsi ilə müşayiət oluna bilər.

Bu mənada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşünün məhz Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi gün baş tutması çox əlamətdardır. Bu görüşdə hazırda Azərbaycanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin böyük əhəmiyyəti qeyd edilib, Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olacağı bildirilib. Əminəm ki, bu mesajın mənası İrəvanda da, Moskvada da, Tehranda da başa düşüldü.

Müəllif: Əkbər Həsənov