“Azərbaycanda “beşinci kolon”un məhv edilməsi üçün ilk addımlar atılıb”

Siyasət

17.02.2022 - 13:21

Ərəstun Oruclu: “Moskvanın Bakıya qarşı açıq şantajı işləmir, ona görə də saxta xoşməramlılıq nümayiş etdirməklə, tələ yaratmaqla gizli şantaj etməyə çalışır

Ermənistanla Azərbaycan arasında delimitasiya məsələsində həddindən artıq tələskənlik sabit nəticəyə gətirib çıxarmayacaq. Bunu “Sputnik Ermənistan”a müsahibəsində tanınmış rusiyalı politoloq, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutnun müəllimi Sergey Markedonov deyib.

Onun sözlərinə görə, müharibədən sonra sərhədin delimitasiyası və demarkasiyası məsələləri ön plana çıxıb. Amma bu, o demək deyil ki, Qarabağ məsələsi bitib: “Biz iki fərqli yanaşma görürük: Bakı münaqişənin bitməsindən danışır, İrəvan Qarabağın statusu məsələsini vurğulayır. Amma o, arxa plana keçib, ön planda sərhəd problemidir - delimitasiya və demarkasiya”.

Siyasi şərhçi bildirib ki, Ermənistanın delimitasiya ilə bağlı təkliflərini nəzərə alaraq, ikitərəfli münasibətlərdə nikbinliyin müəyyən səbəbləri var idi, lakin təmas xəttində insidentlər davam edir: “Yəni diplomatik prosesi güc dili ilə birləşdirməyə cəhdlər edilir. Bu arada müəyyən tələskənlik nəzərə çarpır. Xüsusən də Ermənistan tərəfdən bu, daxili siyasi vəziyyətlə bağlıdır. Ermənistanda yeni Prezident seçildikdən sonra bütün hakimiyyət Paşinyanın əlində olacaq”.

“Əlverişli vəziyyətdən, yəni az-çox yüksək reytinqin olmasından və ciddi müxalifətin olmamasından istifadə edən Ermənistanın Baş naziri tələsir. İlham Əliyev Paşinyandan fərqli olaraq tam nəzarəti əlində saxlayır və müxalifətlə flört etməyə ehtiyac duymur, amma cəmiyyətdə müəyyən narazılıq var. O cümlədən, Azərbaycanda müharibəni bitmiş hesab etmirlər. Belə çıxır ki, iki liderin hansısa nəticələrə, “ehtiyatlı kompromis”ə gəlmək üçün kifayət qədər səlahiyyəti və imkanları var. Ancaq eyni delimitasiyanı həyata keçirmək o qədər də asan olmayacaq”, - deyə Markedonov qeyd edib.

"Bu, mənzilin planınıı dəyişdirməyə bənzəmir ki, bunun üçün  mənzil idarəsindən icazə almaq, qonşulardan soruşmaq və bununla kifayətlənmək olsun. Bu, çətin problemdir - hansı xəritələrə etibar etmək, mübahisəli ərazilər, anklavlar və s. nəzərə alınmalıdır. Bütün bunların Sovet dövründə hər hansı bir əhəmiyyəti yox idi, amma indi var”, - deyə o vurğulayıb.

Politoloqun fikrincə, Rusiya uzunmüddətli perspektiv üçün Qafqazda sülhün bərqərar olmasına çalışır, lakin informasiya təminatı baxımından zəifdir: “Moskvanın vəzifəsi regionun sabit mövcudluğunu və illərlə Rusiyanın sabit maraqlarını təmin edəcək balanslaşdırılmış, kompromis sülh tapmaqdır ki, bu, həm Ermənistana, həm də Azərbaycana lazım olacaq. İndi məsələ qoyulur ki, Rusiya Azərbaycanı özünə tərəf çəkmək istəyir, onun KTMT və Aİİ-yə üzv olmasına çalışır. Son məqsəd - sərhəddə atəş açılmaması, qeyri-sabitliyin azalmasıdır”.

Moskvanın Qafqazda sülhün bərqərar olması ilə bağlı vəzifələrinə gəlincə, kremlpərəst analitik fikri çox şübhəli görünür. Onun ağzından çıxanlara inansaq, Rusiya Federasiyası “amansız sülhpərvər”dir, amma o da “bir-birinə aqressiv olan erməniləri və azərbaycanlıları sakitləşdirməyə” nail ola bilmir. Markedenov, deyəsən Moskvanın regionda manipulyator rolunu görmür. Amma birdən o, “açılır” və təsadüfən etiraf edir ki, “Rusiya Azərbaycanı KTMT və Aİİ-yə sürükləmək istəyir”.

Amma bu, Azərbaycanın gen gəzdiyi və hər vasitə ilə çəkinməsi lazım olan bir prosesdir. Təcrübə göstərir ki, bu “yaxın dairəyə” daxil olan ölkələr Rusiya Federasiyasının yarıişğalı vəziyyətində olur. Bizdə artıq rus hərbçiləri - Qarabağda mandatı olmayan “sülhməramlılar” var, bircə qalmışdı Kremlə tabe olan birliklərə qoşulmaq...

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu mövzuya dair AYNA-ya şərhində deyib ki, Markedonovun bu açıqlamalarının niyə məhz indiki məqamda səslənməsi tamamilə başadüşüləndir: “Bu gün Rusiya üçün pis siqnal var - bu, Türkiyə və Azərbaycanı avtomatik olaraq hərbi müttəfiq edən Şuşa Bəyannaməsinin ratifikasiyasıdır. Hansı ki, ümumilikdə Rusiyanın Azərbaycana təsir imkanlarını məhdudlaşdırır. Ona görə də Rusiya indi Azərbaycanı özünə yaxınlaşdırmaq üçün hər cür cəhd edir və onun ən sınaqdan çıxmış üsullarından biri də ölkəni KTMT və Aİİ-yə dəvət etməkdir”.

“Yəni hamı başa düşür ki, bu təşkilatlara qoşulmaqla istənilən ölkə öz suverenliyinin bir hissəsindən imtina etməyə məcbur olur. Görünür, Rusiya Qazaxıstana qarşı sınaqdan keçirilən modelin özünü kifayət qədər uğurla doğrultduğuna qərar verib. Belədirsə, niyə onu başqa ölkələrə də tətbiq etmək istəməsin?!”, - deyə həmsöhbətimiz bildirib.

O, Qazaxıstandan sonra Özbəkistanı da eyni şəkildə şantaj etməyə cəhd etdiklərini xatırladıb: “Azərbaycanla şantaj işləmir, çünki onun artıq Türkiyə kimi hərbi-siyasi müttəfiqi var və bu münasibətlərin hüquqi əsası var. Ona görə də Rusiya Azərbaycana qarşı bu cür xoşməramlılıq nümayiş etdirməklə, tələ yaratmaqla, gizli şantaj etməyə çalışır”.

Oruclu hesab edir ki, Azərbaycan heç vaxt və heç bir halda belə təşkilatlara, hətta müşahidəçi qismində də qoşulmamalıdır: “Bu, bizə lazım deyil. Bizim imzaladığımız Şuşa Bəyannaməsi var, onu Türkiyə və Azərbaycan artıq ratifikasiya edib. Qlobal təhlükəsizlik sistemində gələcək yerimizi və iştirakımızı Türkiyə ilə ortaq şəkildə axtarmaq lazımdır və ümid edirəm ki, belə olacaq. Azərbaycanda Rusiyaya işləyən “beşinci kolon”un məhv edilməsi üçün artıq ilk addımların atılması, təbii ki, Moskva iyerarxiyasını da narahat edir və ona görə də gələcəkdə biz daha çox belə bəyanatlar, hətta ola bilsin ki, açıq təhdidlər eşidəcəyik. Ancaq heç bir halda seçilmiş yoldan dönməməliyik. Bu yolla Türkiyə ilə ikitərəfli münasibətlərdə, xüsusən də Şuşa Bəyannaməsində nəzərdə tutulan şəkildə getəmək lazımdır”.

Müəllif: Rauf Orucov