Azərbaycana dəvət edilmiş mütəxəssis: “Pandemiyanın növbəti dalğası gözlənilir”

Cəmiyyət

07.05.2020 - 10:27

Vətəndaşlara xəbərdarlıq edilir: Əgər qaydalara əməl etməsəniz, vəziyyət indikindən daha çətin olacaq

 

Azərbaycanda koronavirusla mübarizə çərçivəsində REACT-C19 layihəsi davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihənin hədəfi Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizədə peşkarlığı artırmaq, onlayn, mobil və ya rəqəmsal texnologiyalar yaratmaqdır.

 

Türkiyədə fəaliyyət göstərən, ixtisaslaşmış azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və ağır kəskin tənəffüs sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur.

 

REACT-C19 layihəsində iştirak edən 19 azərbayanlı həkimdən biri - Turanə Rəsulova AYNA-nın suallarını cavablandırıb. Qeyd edək ki, o, Türkiyənin Hacıtəpə Universiteti Xəstəxanasının anesteziya və reanimasiya şöbəsinin həkimidir və layihə çərçivəsində Azərbaycana gəlib.

Leman Yaqubova adlı şəxsin şəkli.

Əvvəlcə REACT-C19 layihəsi barədə danışan həmsöhbətimizin sözlərinə görə, layihənin məqsədi ölkədə COVID-19 ilə müabrizə üçün ayrılmış xüsusi xəstəxanaların hazır vəziyyətə gətirilməsinə yardəm etməkdir: “Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə COVID-19-la mübarizədə tibb müəssisələri üçün təkif etdiyi xüsusi tövsiyələr var ki, bu zaman hər ölkədə ayrılmış xüsusi xəstəxanaların vəziyyəti dəyərləndirilir və lazım olan tədbirlər görülür. Biz də bu sistem üzrə fəaliyyət göstəririk, xəstəxanalarda apardığımız monitorinqdən sonra nəticələri qiymətləndiririk”.

 

“Burada ən xırda detallar da nəzərə alınır. Nəticə olaraq xəstəxana rəhbərliyinə təqdimat edirik. Məsləhətləşmələrdən sonra tədbirləri həyata keçiririk. Yeniliklər arasında hansısa xəstəxana sistemində dəyişiklik də ola bilər. Yaxud təlimlərin keçirilməsi yolu ilə tibbi personalın ixtisaslaşması, məlumatlandırılmasına nail oluruq”, - T.Rəsulova bildirib.

 

Həkimin sözlərinə görə, xüsusi xəstəxanalarda təşkil olunan təlimlər ÜST-nin onlayn kurslarına və xəstəliklə bağlı elmi araşıdrma nəticələrinə istindən, ayrı-ayrı təlimçilər tərəfindən keçirilir.

 

Müsahibimiz ən çox verilən “Pandemiyanın gedişatı necə olacaq” sualını belə cavablandırıb: “ÜST tövsiyə edir ki, pandemiya idarə olunacaq hala gətirilsin, başqa sözlə, tibb müəssisələri bütün hallara hazır olsun. Karantinin yumşaldılmasına baxmayaraq, xəstə sayının artma ehtimaları var. Aparılan müşahidələrə əsasən də vəziyyət qiymətini alır. Bütün hallarda yoluxmanın növbəti dalğaları gözlənilir”.

 

“Əgər insanlar karantin tədbirləri qalxdıqdan sonra da qaydalara əməl etsələr - sosial məsafəni gözləsələr, qapalı məkanlardan, insanların sıx olduğu yerlərdən uzaq dursalar, şəxsi gigiyenik tələbləri qorusalar, o zaman xəstəliklə mübarizə asanlaşacaq. Ancaq insanlar laqeyd davransalar, yenidən yoluxma halları arta bilər. Pandemiyanın növbəti böyük dalğasını dəf etmək isə çətindir”, - mütəxəssis əlavə edib.

Müəllif: Raminə Eyvazqızı