“Xüsusi təyinatlıların əsgərləri artıq Xarkov vilayətinin sərhədyanı rayonlarında tapşırıqları yerinə yetirməyə başlayıblar”
Çeçenlərdən ibarət “Axmat” xüsusi təyinatlılarının əsgərləri Rusiya sərhədi yaxınlığında bufer zona yaratmaq üçün Belqorod vilayətinə köçürülüb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı, general-mayor Apti Alaudinov bildirib.
“Xüsusi təyinatlıların əsgərləri artıq Xarkov vilayətinin sərhədyanı rayonlarında tapşırıqları yerinə yetirməyə başlayıblar”, Alaudinov qeyd edib.
Onun sözlərinə görə, “Axmat” Xarkov vilayətində bütün döyüş təmas xətti boyunca müxtəlif ərazilərə yerləşdirilib: “Xüsusi təyinatlılar, digər addımlarla yanaşı, hücum missiyalarını yerinə yetirirlər”.
Rusiya mayın əvvəlində Xarkov vilayətində hücuma başlayıb. Prezident Vladimir Putin deyib ki, bu, “Rusiyanın sərhədyanı rayonlarını Ukraynanın hücumlarından qoruyacaq sanitar zona yaratmaq üçün lazımdır”.
Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev sonradan dəqiqləşdirib ki, hücum nəticəsində Ukraynanın şərqində yaradılacağı iddia edilən sanitar təhlükəsizlik zonası Xarkovdan 200 kilometr qərbdə olacaq.