Kansler: “Sanksiyalar o zaman anlamlı olur ki, bunu tətbiq edəni deyil, nəzərdə tutulan ölkələri zəiflətsin”
Avstriya kansleri Karl Nehammer Rusiyadan neft və qaz tədarükünə sanksiya qoyulmasına qarşıdır. AYNA-nın xəbərinə görə, kansler “Kronen Zeitung” qəzetinə müsahibəsində deyib ki, bu, düzgün deyil.
“Sanksiyalar o zaman anlamlı olur ki, bunu tətbiq edəni deyil, nəzərdə tutulan ölkələri zəiflətsin”, - deyə Nehammer bildirib.
Kansler əlavə edib ki, enerji təchizatının təhlükəsizliyini təmin etməyi öz vəzifəsi kimi görür.
Siyasətçi Rusiya qazından asılılığın azaldılmasının vacibliyini də vurğulayıb.
Qeyd edək ki, Avropada qazın qiyməti 1000 kubmetr üçün 1500 dolları ötüb. Qiymət artımı Rusiya Prezidenti Vladimir Putinin Rusiya qazının ödənişinin rublla həyata keçirilməsi haqqındakı fərmanından sonra baş verib.
Fransanın maliyyə naziri Bruno Le Maire mətbuat konfransında bildirib ki, Fransa və Almaniya Rusiyaya qaz tədarükünə görə ödənişin rublla edilməsi şərtlərini qəbul etməyəcək.
Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, Rusiyanın enerji resurslarından imtina ediləcəyi təqdirdə Almaniya iqtisadiyyatı kəskin və uzunmüddətli tənəzzüllə üzləşəcək.