Şarl Mişel: "Mülki əhalinin mənasız iztirablarına və ölümünə son qoyulmalıdır"
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda danışıb. AYNA xəbər verir ki, bu barədə Mişel "Twitter"də yazıb.
Şura rəhbəri Ukrayna lideri ilə Rusiyanın davam edən təcavüzü barədə müzakirə aparıb və Avropanın Ukraynanı dəstəklədiyini, köməyə davam edəcəyini vurğulayıb.
"Mən Ukrayna Prezidenti Zelenski ilə danışdım, çünki Kiyev Rusiya qüvvələrinin davamlı hücumu altındadır. Rusiya Prezidenti Vladimir Putini zorakılığı dərhal dayandırmağa çağırıram. Dünya ictimaiyyəti beynəlxalq hüququn qorunması üçün dərhal səfərbər olmalıdır", - deyə Mişel qeyd edib.
Şura rəhbəri vurğulayıb ki, mülki əhalinin mənasız iztirablarına və ölümünə son qoyulmalıdır: "Avropa Ukrayna xalqını dəstəkləyir və dəstəyini davam etdirəcək. Ötən gecə genişmiqyaslı və ciddi nəticələrə malik ikinci sanksiyalar dalğası siyasi olaraq razılaşdırılıb. Növbəti paket təcili hazırlanır".