200-ə yaxın evin həyətyanı sahəsinə sel suları dolub
Astarada Ərçivançayın daşması nəticəsində 200-ə yaxın evin həyətyanı sahəsinə sel suları dolub. AYNA APA-ya istinadən bildirir ki, Astara rayon İcra Hakimiyyətinin Ərçivan qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Rüfət Əsədullayev deyib ki, qəsəbənin Şəhid Baba Qasımov, Qurtuluş, Azadlıq, Sahib Kələntərov və Bəxtiyar Əliyev küçələri daha çox sel suları ilə dolub. Bəzi yerlərdə suyun səviyyəsi 1,50 sm-ə kimi qalxıb. İlkin mərhələdə 170 ailəyə ziyan dəyməsi barədə İH-nə məlumat daxil olub.
40-a yaxın ailə FHN-nin xilasediciləri tərəfindən evlərindən təxliyə olunub. Hazırda görülən tədbirlər nəticəsində bəzi həyətlərdə suyun enməsi müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin idarə rəisi Araz Hüseynov isə bildirib ki, nazirliyin "qaynar xətt”inə məlumat daxil olan kimi, idarənin Mülkü Müdafiə, Xüsusi Riskli xilasetmə qüvvələri, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə dəstələri, eləcə də yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi ərazilərə cəlb olunub: "Hazırda, ərazilərə cəlb olunan qüvvələr Astara rayonunun Ərçivan, Maşxan kəndlərində və Lənkəran rayonunun Sütəmurdov kəndində həyətyanı sahələrindən suların çəkilməsi, eləcə də evlərdə köməksiz vəziyyətdə qalan şəxslərin təxliyəsini həyata keçirir. Bu saata kimi təkcə Ərçivan qəsəbəsinin şəhid Baba Qasımov küçəsində, evlərində köməksiz vəziyyətdə qalan 27 nəfər sakin təxliyə olunub".