İsmayıllı hadisəsi ilə bağlı cinayət işi açılıb

Hadisə

28.08.2019 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

İş üzrə insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib

 

Qida Təhlükəsizliyi Agentliyi (QTA) və Baş Prokurorluq İsmayıllıdakı kütləvi zəhərlənmə ila bağlı birgə məlumat yayıb. AYNA-ya daxil olan məlumatda deyilir:

 

“Avqustun 27-də İsmayıllı rayonunun Qəzli qəsəbə sakini Müşfiq Hüseynov yaşadığı evin həyətində oğlu üçün təşkil etdiyi kiçik toy məclisində iştirak edən şəxslərdən 33 nəfəri (13-ü qadın, 10-u yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.

 

Rayon Polis Şöbəsi və prokurorluğunun, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

 

Fakta bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib. İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, səhhətləri pisləşmiş şəxslər dərhal rayon mərkəzi xəstəxanasına müraciət etmiş və ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

Hazırda iş üzrə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir”.

 

Qeyd edək ki, Şəkidə şadlıq sarayında keçirilən toy mərasimi zamanı da kütləvi zəhərlənmə olub. 57 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb.

Müəllif: Ayna.az