Ehtiyat təkərin içindən 27 ədəd mobil telefon çıxıb
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Toyota Prado" markalı avtomobil saxlanılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə baxış zamanı xidməti it avtomobilin ehtiyat təkərinə reaksiya verib.
Daha sonra həmin təkər rentgen qurğusunda yoxlanılıb. Nəticədə, təkərin içində gömrük nəzarətindən gizlədilmiş şəkildə 27 ədəd "iPhone" markalı müxtəlif modelli mobil telefonlar aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.